среда, 5 марта 2014 г.

Fikrət Süleymanoğlu




BULUD QARAÇORLU SƏHƏND

 (Cənubi Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Qanun", 2013, s. 453-474)


Güney Azərbaycanda anadilli poeziyanın və milli düşüncənin for­ma­­laş­masında əvəzsiz xidmətləri olmuş istiqlaliyyət carçısı, fikir, söz və əməl adamı Bulud Məşədi Mütəllib oğlu Qаrаçоrlu (Səhənd) 1926-cı ilin[1] yazıında qədim paytaxt şəhərlərimizdən, elm və mədəniyyət mər­kəz­­ləri­miz­dən biri olan Marağada yoxsul işçi ailəsində dün­ya­ya gəlmişdir. Onun soy­kö­kü qədim xəzərlərin məşhur  qaraçurlu[2] tayfası ilə bağlı idi. Tədqiqatçıların fikrincə tayfanın bir hissəsi orta əsrlərdə türk axınları zamanı Turan çöllərındən köç edib Qaradağ bölgəsində yurd salmışdır[3]. Şairin ailəsi­ 1917-1918-ci illərdə rus-erməni-aysor çətə­lə­ri­­nin talan və qətliamları dövründə – “üç tümənlik illəri”ndə “var-yoxu əldən verib” kənddəki dədə-baba yurdundan şəhərə köçmüş, ayı beş qrana kirələdikləri “Həsən damı” adlanan pal­­çıq daxmada yerləş­miş­dir[4]. Babası erkən rəhmətə getdiyindən nənəsi İzzət ailənin böyük övladı olan Mütəllibi hələ uşaq yaşla­rından nökər vermiş, özü isə varlıların evlərində çörək bişirməklə ailəni dolandırmağa çalışmışdır.
Bir müddət sonra Mütəllib Ceyran xanımla evlənmiş, ailənin böyük övladı Bulud da məhz həmin palçıq daxmada dünyaya göz açmışdır[5].
Deyilənə görə, şair doğulan gün göy üzünü sağanaq yağış bulud­la­rı aldığından valideynləri qədim türk elatı gələnəklərinə uyğun olaraq bu təbiət hadisəsini düşərli əlamət hesab edib övlad­larına Bulud adı vermiş­dilər. Rza xanın ölkədə həyata keçirdiyi assimilyasiya siyasətinin icraçısı olan məmur isə onun adını “rəsmi əvraqa uyğun gəlməməsi səbəbindən” nüfuz dəftərində “Bəhlud” kimi yazmışdı. Amma o, şovi­nist şah məmu­ru­nun sırıdığı bu mənasız rəsmi adla yox, valideyn­lərinin verdiyi milli adla tanındı, vətənin ən uca dağla­rından birinin – Səhəndin[6] adından aldığı təxəllüslə ölməz əsərlər yaratdı.
Şair doğulub boya-başa çatdığı Marağa şəhərinin yaddaşında yaşatdığı həmin dövrünü “Dədəmin kitabı”nda belə təsvir edir:

Mәnim ana şәhәrimdә,
Xaraba bir xiyavan var.
Oyan-buyan, nalbәnd, әllaf,
Palan tikәn, dәllәk, baqqal,
Çayxanalar, boyaxana,
Qarın-qursaq tükanları,
Kәtli-kütlü, düşüb qalan,
Dәvә keçәr, atlı ötәr,
Karvansara qapıları.
Düzülmüş bu xiyavanda,
Dәri-dürü, kәllә-paça,
Kәrmә-yapma, tәzәk-boyaq,
Qәnovlardan axıb keçәn,
Gәndabların baş çatladan
Qoxusuna baxmayaraq,
Neçә-neçә çayxanadan
Hәr vaxt, hәr an saz, balaban
Әlişahdan, Koroğludan
Dәdә Kәrәm, Aşıq Qәrib,
Başqalardan söhbәt açan, 
Aşıqların, ozanların,
Qaqqıltısı dinlәnilir.

Buludun yük avtomobili sürücüsü işləyən atası çox vaxt evə gec gələr, bəzən də heç gəlməyib yollarda gecələyərdi. Ona görə də uşaqlığı anasının gecələr söylədiyi bayatıların, nağılların, dastanların sehri içində keçib gedirdi. Şair sonralar həmin günləri yada salıb yazırdı:

Keçәn günlәrini xatırlayaraq 
Yazıq anam bәzәn sızıldayardı.
Ürәgi tutulub kәdәrlәnәn vaxt 
Gözlәri yaşalıb mızıldayardı:

“Oturmuşdum otaqda,
Qızıl gül açan vaxtda.
Bir vәdәsiz yel әsdi,
Gül qoymadı budaqda”.

O, zaman qanmazdım anamın sözün, 
Kәdәri bağrımı sıxardı ancaq.
Keçmiş, ya gәlәcәk nәdir bilmәzdim, 
Uşaq idim, uşaq nә anlayacaq?

Nә bilim, bәlkә dә könül sazımı 
İlk-әzәl inlәdәn bu zәxmәlәrdir.
Mәni şair edәn, şair yetirәn, 
Bu sızıltılardır, bu nәğmәlәrdir.

Hələ körpəliyindən aşıq şeri, saz sənəti Səhəndin ruhuna, iliyinə o qədər işləmişdi ki, onun bütün sonrakı həyatı boyu yaradıcılığına işıq tutmuşdu.
Doğma şəhərinin bir məhəlləsi olan “Qala eşiyi”nə həsr etdiyi eyniadlı şeirindən şairin uşaqlığını keçirdiyi ortam haqqında fraq­ma­tik də olsa müəyyən məlumatlar əldə etmək olur. O, məhəl­lə sakinlərinin, xüsusən də qadınların çətin məişət həyatını, Sofi çayının sahilində yerləşməsinə, ətrafda çoxlu axarlar olmasına baxma­ya­raq, şəhər əhlinin isti yay günlərində içməli su sarıdan çəkdiyi məşəq­qət­ləri real poetik boyalarla təsvir etməyə nail olmuşdur.
“Dədəmin kitabı” dastanındakı xırda avtobioqrafik məlumatlar­dan aydın olur ki, şairin аtаsı yalnız öz аdını əyri-üyrü хətlə cızmаlаr, tayfasında ağ-qaradan başı çıxan tək adam – anası Ceyran xanım isə düz, ya qələt Quran oxumağı bacararmış. Qaraçorlu tayfasından ilk mək­­təbə gedən uşaq da məhz Bulud olmuşdur[7].
Bulud ilk təhsilini Marağada mədrəsədə almış, sonra Təbrizdə davam etdirmişdir. Həmin illərdə məktəbdə ana dilində təhsil almaq bir yana, orada ana dilində kiminləsə ünsiyyətdə olmaq belə yasaq idi. Bu da azmış kimi, titul xalqı təmsil edən millətçilər tərəfindən başqa etnos­la­rın nəinki məişətdə, hətta rəsmi mətbuatda lağa qoyulması adi hal almış­dı. Rza  xan  hakimiyyətinin  ilk  illərində Azərbaycanda  maarif işlərinə rəhbərlik etmiş R.Möhsünü azərbaycanlı ziyalıları  Təbrizdə toplayaraq maarif idarələrində və məktəblərdə türkcə danışığın yasaq olduğunu bildirdikdən sonra demişdi: “Məktəblərdə hər kəs  türkcə danışsa, eşşəyin noxtasını onun başına salıb, axura  bağlayın”[8]
Amma bütün bu basqılara, aşağıla­ma­lara, yasaqlara rəğmən Bulud hələ yeniyetmə çağlarından şovinist­lərə meydan oxuyurmuş kimi, “Razi” (“sirli”) təxəllüsü ilə ana dilində şeirlər yazırdı. Sabir poeziya­sı­nın təsiri ilə qələmə alınan bu şeirlərin əksəriyyəti çox vaxt satirik məzmunlu olurdu[9]. Bulud yaşadığı mühitin eybəcərliklərini açıb göstər­məyə çalışır, onları kəskin tənqid atəşinə tuturdu. Bu şeirlər həm də onun fars şovi­niz­minə, assimilyasiyaya qarşı təpkisi, özünü fərqli toplumun bir parçası kimi dərk və ifadə etməsinin ilk nümunələri idi.
Arazın bu tayında – Azərbaycan Sovet Sosialist Respublika­sın­da gedən yeni quruculuq prosesləri, II Dünya müharibəsi illərində baş verən qlobal hadisələr və bu fonda Güney Azərbay­cana yeridilən sovet qoşunlarının tərkibində Bakıdan gəlmiş çoxsaylı milli mədəniyyət xadimlərinin gətirdiyi yeni ab-hava Xiyabani (1879-1920) hərəkatı­n­dan sonra müqavimət gücünü itirmiş milli şüurda inqilabi dəyişikliklər yarat­­mış­dı. Bu illərdə sovet hökumətinin beynəlmiləlçilik şüarları altın­da göstərdiyi yardımlar hesabına açılan anadilli məktəblər, qəzet və jur­nal­lar, radio, teatr, kitabxana və mədəniyyət klubları, tarixi şəxsiy­yətlərə qoyulan abidələr milli özünüdərk prosesinin yenidən dirçəldil­mə­sinə, xalqın milli məqsədlər ətrafında sürətlə təşkilatlan­ma­sına xidmət edirdi. 
Bütün bu proseslər gənc Buludun dünyagörüşündə də köklü dəyi­şik­­­liklər etmişdi. O, riyakar qərb dövlətlərinin gündə birinin yeni-yeni orden və medallarla təltif elədiyi[10] müstəbin qurduğu rejimə qarşı səmə­rəli mü­ba­rizə yolunun siyasi təşkilatlanmadan keçdiyini anla­mışdı. Ona görə də tərəddüd etmədən təhsilini yarım­çıq qoyub sol hərəkatın bay­­raq­darı – zəhmətkeş kütlələr arasında böyük nüfuza malik Azərbay­can Demokrat Firqəsinin gənclər təşkilatına daxil olmuş, onun sıralarında əməli fəaliyyət göstərmiş, hətta bir ara təşkilata rəhbərlik də etmişdi[11].
Bu illərdə onun şeirlərinin mövzuları da dəyiş­mişdi. “Səhən­din yaradı­cılığının ilk dövrünə aid tədqiqatlar göstərir ki, onun 1941-ci ildən sonra yeni vüsət kəsb edən milli azadlıq hərəkatında fəal surətdə iştirakı tərən­nümə cəlb etdiyi həyati gerçəklilklərin hüdudlarını xeyli geniş­lən­dir­mişdi”[12]. Bu gerçək­liklərin bədii ifadəsi olan, xalqı azadlıq və istiqla­liy­yət uğrunda mübarizəyə səsləyən şeirlərin bir qismi yeni yaranan anadilli mətbuatda dərc olunur, radioda, ədəbi və siyasi toplantılarda səslənirdi. 
Sovet qoşunları Güney Azərbaycandan çıxarıldıqdan sonra İran hər­bi hissələri S.C.Pişəvərinin (1893-1947) rəhbərliyi altında 19451946-cı illərdə fəaliy­yət göstərmiş Milli Hökumətin möv­cudiy­yətinə qəddarlıqla son qoydu. Ədəbiyyat, təhsil, mədəniyyət, mətbuat sahəsində yaranmış can­lan­ma söndürüldü. Ana dilində nəşr edilmiş kitab, qəzet və jurnallar yığılıb yandırıldı. Güney xalqının təzəcə cicəklənən azadlıq və istiq­laliyyət arzularını reji­min “repressiya şaxta”sı bar vermədən vurdu. Şair həmin dəhşətli dönəmi “Səbir daşı” şeirində belə təsvir edir:

Dönərgəmiz döndü,
ocaqlarımız söndü.
Dal boyunlar sürahi qapağı kimi
ağaclardan asıldı.
Kimlər öldü qurtuldu,
kimlər gedər-gəlməz oldu.
Kimlərin necə olduğu bilinməz oldu[13].

Məhəmmədrza Pəhləvinin Güney Azərbaycanda həyata keçir­diyi siyasi repressiyalara məruz qalan milli fədailərdən biri də gənc Bulud idi. O iki dəfə – 1946-1947-ci və sonra da 1951-1953-cü illərdə bir çox silahdaşı kimi həbs edilmiş, zindan həyatı yaşamış, fiziki və mənəvi işgəncələrə məruz qal­mış, Tehrana sürgün (təbid) edil­mişdir[14]. Yaradıcılığının bir çox ilkin nümunələri də məhz bu illər­də it-bata düşmüşdür.
Sürgünlük dövrünün ilk illərində Səhənd dostu, tanınmış ədəbiyyatşünas Məhəmmədəli Fərzanə (1923-2006) ilə şəhərin Selsebil tərəfində kiçik bir mənzil kirələyib orada yaşamışdır. Bu dövrlər onların həyatında həm maddi, həm də mənəvi baxımdan çox sıxıntılı mərhələ idi. Səhəndin psixoloji durumuna bir yandan da gördüyü xəyanətlər və satqınlıqlar mənfi təsir göstərirdi. Ona görə də fəal siyasi fəaliyyətdən uzaqlaşıb, mütaliə və ədəbi yaradıcılıqla məşğul olmağa başlamışdır. Xeyli müddət işsiz qaldıqdan sonra Fərzanə bir notarius kontorunda, Səhənd isə toxuculuq dəzgahlarının təmir edildiyi bir sexdə işə düzəlmişdir[15]. Bu, onların maddi sıxıntılardan qurtarıb diqqətlərini tamamilə yaradıcılığa yönəltməsində böyük rol oynamışdır.   
Bütün bu əzab-əziyyətlər, məhru­miy­yətlər onu nəinki tutduğu azadlıq və haqq yolundan döndərmiş, üsyan­kar ruhunu sındır­mış, əksinə daha da möhkəmləndirmiş, bu illərdə adını özünə təxəllüs seçdiyi Səhənd dağı kimi başı uca və vüqarlı eləmişdi. Səhəndin həmin dövrdəki ruhi halını, azadlıq və istiq­la­liy­yət əzmini Milli Hökumət dönəmində gənc vətənpərvər­lərin dilinin əzbəri olmuş “Fədailər marşı” dəqiqliklə nümayiş etdirir:

Qoy səngərlər evim olsun, dağlar başı məskənim,
Zülm əlindən azad olsun bu müqəddəs Vətənim.
Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim,
Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən,
Çün azadlıq istəyirəm, bir də azad bir Vətən![16]

Amma vətəni “quzğun”lardan, “bayquş”lardan təmizləmək, azad etmək elə də asan iş deyildi. Çünki bu məhv planı müttəfiq dövlətlərin işbirliyilə hazırlanmışdı. Guya qlobal sülhün bərqərar olma­sı bunu tələb edirmiş. Ona görə də Səhənd vətənin başının üstündə oyna­nan oyun­la­rın təhlükəsini yaşaya-yaşaya “Sülhə qurban oldu bu Azərbaycan!” – deyir, ABŞ və Böyük Britaniya imperialistlərinin, eləcə də onların əlaltısı olan şah cəlladlarının məkrli planlarının detallarını açıb göstərirdi:

Hər yandan ulaşdı bayquşlar, itlər,
Sanki kainata düşdü vəlvələ:
 – “Gərəkdir Şərqdə bоğulа bu səs!” –
Dеyə, köhnə dünyа vеrdi əl-ələ.
Lоndоndа bаşlаdı gizli hərəkаt,
Vаşinqtоndаkı qоşun, tədаrükаt.
Хəlicə yоllаndı hərbi gəmilər”.
Kəndimizdən isə “türk əfəndilər”[17]...

Həmin faciəli günlərdə “Azərbaycan aydınlarının çoxu özgə əllə­rin­də oyuncağa çevrilərkən o, neçə yoldaşıyla birgə onları doğru yola çək­məyə çalışırdı. ... Səhəndin başqa aydınlardan ayrıcalığı onun türk geç­miş­liyini yaxşı bilməsindən qaynaqlanırdı. O, bu geçmişliyi yaxşı bil­diyi üçün, yalançı, uydurma geçmişliklərə aldanmır”[18], bunu uyduranlara meydan oxuyurdu:

Çox yaxşı bilirsiz, fırıldaqçılar,
Mən nə vətənsizəm, nə də göbələk.
…Mənə nə irq, nə də dədə yontayın,
Özüm öz kökümü yaxşı tanıram.
Gedin özünüzə baba arayın,
Sizin yerinizə mən utanıram![19]

Səhənd Güney Azərbaycanda törədilmiş cinayətləri, xarabazara çev­­riimiş türk yaşayış məntəqələrinin acınacaqlı durumunu, insanların düçar olduğu səfaləti ikinci məh­busluq dövründə qələmə aldığı və sonralar üzərində işlədiyi “Xatirə” poemasında o qədər detallı və o qədər  dəqiqliklə təsvir edir ki, qan donduran bu tabloları ürəkağrısız oxumaq mümkün deyil. Onun bu milli faciəni əks etdirən tabloları “Bir məzar boyunda yer sorağında” adlı əsərində başqa bədii boyalarla, başqa insani acılarla ifadə olunmuşdur.
Şair yaşadığı basqı və yasaqlar mühitində parçalanmış vətənin dərdlərini, onun gələcəyi ilə bağlı şəxsi düşüncələrini tez-tez “o taylı, bu taylı Araz üzərindən ifadə edirdi. O, bu adı Arazı keçən qoca baba­sın­dan və anasının laylalarından hələ uşaqkən öyrənmişdi. Həm də “Araz” deyəndə, onu bu dərdi yaşayanlar asanlıqla başa düşürdü. Ancaq nə toplum təkcə “Araz dərdi” anlayanlardan ibarət idi, nə də Səhəndin anasından əxz elədiyi “Səbir daşı”nın dözümü vardı. Ona görə də ətrafına üsyan edirdi:

Səbir... səbir...
Axı nə qədər, neçə əsr?..
Mən səbir eyləmək istəmədim,
bəlkə də səbir edə bilmədim[20].

Doğrudan da Səhənd səbir edə bilmirdi, cünki insanları öz şəxsi mülkü kimi görən, onlarla istədiyi kimi rəftar edən, istədiyi zaman asan, kəsən, yox edən, İranı xalqlar zindanına çevirib onların ən təməl hüquqlarını əlindən alan müstəbidi “Allahın yerdə kölgəsi” elan edib “şaha itaət Allaha itaətdir” deyən yaltaq məclis üzvlərinin, riyakar mollaların, keşişlərin, məntiqindən dəhşətə gəlirdi. O, sual edirdi: Əgər sizin Allahınızın “kölgəsi” belə qəddar, zülmkar və qaniçəndirsə, bəs onda o özü kimdir? Deməli, o, mənim ulularımın ibadət elədiyi, “Qul haqqını yemə!” – deyən Allah deyil! Ona görə də bir qədər də solçu dünyagörüşün təsiri ilə hayqırırdı:

Qanun?
Bütün qanun kitabların
vərəq-vərəq yırt, doğra!
Qanun yazan əlləri bur,
qələmləri sındır, tulla!
Quranları, İncilləri
mollaların, keşişlərin
vur başına![21]

Bunlar artıq təkcə fikir və söz deyil, həm də əməl – çağırış idi. Haqsızlığa, riyakarlığa, cəhalətə və istibdada – siyasi rejimə qarşı müba­ri­zəyə çağırış! Əslində bu çağırış onun bir zaman əlində silah milli fədailər cərgəsində gördüyü işlərdən daha böyük əməl idi. Özü də yalnız doğuşdan seçilmişlərin, azadlıq ruhunu heç nəyə satmayanların cürət edib görə biləcəyi əməl! Onun çağırışları çox vaxt açıq mətnlər şəklində ortaya çıxır, Güneyli vətənpərvərlərin gizli şeir məclislərində, yığın­caq­larında səslənirdi:

Gəlin ellər, əlbir olaq,
vuraq, yıxaq qəsbkarı!
Quduz dişli işğalçıdan,
təmizləyək hər diyarı![22]

Səhənd səbir edə bilmirdi, çünki müstəbidin qurduğu rejim ona və onun mənsub olduğu xalqa hər şeyi yasaq edirdi. Ona görə də taleyinə acıyaraq yazırdı:

Taleyimә sәn bax!
Düşüncәlәrim yasaq,
duyğularım yasaq.
Keçmişimdәn söz açmağım yasaq,
gәlәcәyimdәn danışmağım yasaq,
ata-babamın adın çәkmәyim yasaq,
anamdan ad aparmağım yasaq[23].

Amma qəlbindəki böyük Vətən sevgisi Səhəndi heç vaxt ruhdan düşməyə qoymurdu. Bu illərdə ana dilinə, milli tarixə və mədəniyyətə artan maraq Güneyli ziyalılarımızı müxtəlif ədəbi-mədəni birliklər ya­rat­­mağa təşviq edirdi. “Bu birliklərdən biri də Qaraçorlu Buludun (Səhənd) girişimi ilə 1953-cü ildə Tehranda qurulmuş və 1960-cı illərin ortalarına qədər fəaliyyət göstərmişdi. B.Səbahi, H.Katibi, M. Fərzanə, G.Səbahi, S.Cavid, N.Fəthi, M.M.Etimad, M.Məhzun, H.Məcidzadə, Nur Azər, İbrahimpur və başqaları bu birliyin üzvləri arasında idi. Birli­yin məqsədi Azərbaycanda yazılmış əsərlərin və şifahi xalq ədəbiyyatı nümunələrinin yayınlanmasına yardımçı olmaq idi. Unudul­mağa üz tutmuş bir çox əsər birliyin gərgin fəaliyyəti nəticəsində təkrar gün üzü­nə çıxmışdı”[24]. Bu məqsədin reallaşmasında ticarətlə və iplik fabrikası işlətməklə məşğul olan Səhəndin maddi dəstəyi xüsusi rol oynayırdı.
Səhənd yaşadığı basqılar və yasaqlar mühitində dostu Şəhriyarla birlikdə, Fəthi Gədiklinin cözləri ilə desək “İranda ana dilli, inqilabçı-demokratik ruhlu Azərbaycan şeirinin 1950-70-ci illəri ara­sın­dakı ən böyük hadisəsini yaratmışdı. ...Doğma Azərbaycan türkcəsinin şeirdə, mətbuatda yayğınlıq qazanmasında Səhəndin hərarətli şeirlərinin böyük rolu olmuşdu. Şeir tariximizə o, millilik, xalqçılıq və hürriyyət şeirini yaradanlardan biri kimi daxil olmuşdur”[25]. Türk ədəbiyyat­şü­nasları Əhməd Cəfəroğlu və Yavuz Akpinarın fikirləri də fərqli deyil: “İki şair ara­sındakı müşaarə, Güney Azərbaycanın siyasi, ictimai həya­tının, oya­nan milli şüurun, demokratik ruhun aynası olaraq qəbul edilə bilər”[26].
Ustad Şəhriyar özünün şah əsəri hesab elədiyi “Səhəndiyyə”sində fədakar və istedadlı dostunun poetik portretini belə yaratmışdı:

O da şeirin, ədəbin Şah dağıdır, şanlı Səhəndi,
O da sən tək atar ulduzlara şeir ilə kəməndi,
O da simurqdan almaqdadı fəndi,
Şeir yazanda qələmindən baxarsan nur səpələndi,
Sanki ulduzlar ələndi.
Söz deyəndə görəsən, qatdı gülü, püstəni, qəndi,
Yaşasın şair əfəndi![27] 

Bir sənətkar olaraq, klassik Şərq poeziyasının sərt qayda-qanunları çərçivəsində yetişib püxtələşmiş Səhənd həm də Güneydə məzmun və forma baxımından yeni – modern şeirin təməlini qoyanlardandır. M.Fərza­nənin sözləri ilə desək, onun “milli-müba­riz şeirimizdə yarat­dığı üslub və söz quruluşu Cənubi Azərbaycanın müasir şeirində dərin iz buraxmış və bir çox şairlərə ülgü və örnək olmuşdur”[28]. Ədəbiyyatımız qarşısında xidmətlərinin bu tərəfi bir də ona görə diqqəti cəlb edir ki, Səhənd dərin təhsil almasa da böyük erudisiyası, tanınmış sənətkarlarla aktiv ünsiyyəti və geniş müta­liəsi sayəsində özü-özünü dövrün tələbləri səviyyəsində yetiş­dirməyə nail olmuşdu.
Səhəndin poeziyaya gətirdiyi yeniliyin XX əsrin ortalarında Qərb, İran, Türkiyə və Quzey Azərbaycan poeziyalarında gedən modern yara­dı­cılıq axtarışları ilə əlaqəli olduğu mübahisəsizdir. O, 1947-ci ildən başlayaraq kvantitativ ölçüdən imtina edərək, əsasən sillabik şeirlər yazır. Belə hesab edir ki, Azərbaycan xalq dilinin poetik xüsusiyyətləri üçün məhz bu forma məqbuldur[29]. Lakin onun tutduğu modernizm yolu tamamilə fərqli, özünəməxsus, demokratikliyi və humanizmi ilə seçilən bir yol idi. Bu baxımdan Güney Azərbaycan poeziyasının tədqiqat­çı­la­rın­dan Hümmət Şahbazinin “Qərbdə olan özbaşınalıq Səhəndin şərq düşüncəsində demokratik cəhətləri qapsamaqla humanistləşir” fikri ilə razı­laşmamaq mümkün deyil. Amma tədqiqatçının Səhəndin ən eks­tre­mist cərəyanlardan biri – “futurizmlə yaxınlaşması” barədə iddi­asını[30] doğru hesab etmirik. Futurizmin xaç atası F.T.Marinetti (1876-1944) bu cərəyanın “ümumbəşəri tarixi vəzifəsini hər gün mədəniyyət səcdə­ga­hına tüpürməkdə”[31] görürdü. Səhənd isə nəinki xalqının keçmiş mədəniy­yətinə sahib çıxır, eyni zamanda onun təməli (“Kitabi-Dədə Qorqud”) üzərində mənsub olduğu toplumun dilinin və mədəniyyətinin inkişafına xidmət edən “Dədəmin kitabı” kimi möhtə­şəm bir abidə ucaldır, gələcəyə aparacaq yolu, “keçənlərin izi”ndə axtarırdı: 

Danış, dilim aşıq, dilin var olsun,
Ardı kəsilməsin qoy bu dastanın!
Danış, keçənlərin izilə bəlkə,
Əlindən yapışaq yol axtaranın![32]

Futuristlər: “Bir parça dəmirin, yaxud taxtanın hərarəti bizi bir qadın təbəssümü və ya göz yaşlarından daha çox maraqlandırır”[33] – söyləyirdilər, amma Səhənd onların biganə qalmağa qərar verdikləri bu varlığa başqa sözlər deyirdi:

Şimşək baxışların şaxdır üstümə,
Şaxdır, qoy od alsın bu sönək ocaq.
Məni yandırmaqdan qorxma, çəkinmə,
Mən yansam, yurdumuz işıqlanacaq[34].

Səhəndin yeni formalı, kəskin siyasi məzmunlu lirikası ilə tanış olduqca, onun qəsbkarlara, şovinistlərə, beynəlxalq hüquq təşkilatlarına yönəlik:

Siz –
İnsan taleyini həll edənlər!
Nə söyləyim daxı,
bir utanın axı!
Tüpürürəm, baxın,
bu “medal”ı da
boylu arvad qarnı kimi
qabağa verdiyiniz
zınqırovlu döşünüzə taxın![35]

– kimi misralarını oxuduqca, oxucuya elə gəlir ki, keçdiyi mübarizə və məhrumiyyətlərlə dolu həyat yolu onu o qədər sərtləşdirib ki, poeziyanın “əbədi mövzusu”nda şeirlər yaza bilməz. Amma bu aldadıcı təəssüratdır. “Ovçu ceyran”, “Gözlər” kimi şeirləri, rübailəri, bayatıları, qoşmaları ilə ilkin tanışlıq belə onun nə qədər incə ruha sahib sənətkar olduğunu, “söz deyəndə gülü, püstəni, qəndi” doğrudan da ustalıqla qatdığını göstərir. Hələ onun “Buzçiçəyi”nə dediklərinə diqqət yetirin:

Səni urəyimə əkirəm barı,
Köksümdə kök salıb budaq atasan.
Yağdıqca başıma zəmanə qarı,
Hey çiçək açasan, çiçək açasan[36].

Səhənd yaradıcılığının zirvəsi isə heç şühəsiz ki, “Dədəmin kitabı” dastanıdır. 6460 misradan ibarət[37] olan bu əsəri sadəcə olaraq türk ədəbi düşüncəsinin şah abidəsi “Kitabi-Dədə Qorqud”un nəzmə çəkilmiş variantı hesab etmək, əlbəttə, doğru deyil. Şairin eposda “yer alan duyğuları, daha dolğun, daha həqiqi şəkildə doğrultmaq və onları dərin ictimai-fəlsəfi görüşlərlə uyğunlaşdırmaq üçün”[38] boylara əlavə etdiyi başlanış (proloq) və qurtarışlar (epiloq) bütövlükdə əsərin yarısına qədərini təşkil edir. Bu artırmalar onları “bədii və fikri cəhətdən qat-qat zənginləşdirmiş və insan xiyalının həyat ərsəsində qanadlanmasına yol açmışdır”[39]. Şair bu yolla,  mənsub olduğu xalqın qəhrəmanlıq tarixini, adət-ənənələrini, mədəniyyətini, unudulmuş mənəvi dəyərlərini abidənin boyları üzərindən yeni forma və dillə nümayiş etdiməyə nail olmuşdur.
İstər Sovet Azərbaycanında, istərsə də İranda eposun nəşrinin və təbliğinin qadağan olunduğu bir dövrdə – ötən əsrin 50-ci illərində bu cür ağır və təhlükəli bir işin altına girmək, sözsüz ki, istənilən sənət­kardan böyük cəsarət, dərin bilik və yüksək milli təəssübkeşlik tələb edirdi. İş o yerə çatmışdı ki, M.C.Bağırov  Kremlin diktəsi altında eposu “Azərbaycana qatil və soyğunçu kimi gəlmiş oğuz köçəri tayfa­la­rını idarə edən yuxarı təbəqələrin tərifinə həsr edilən, qardaş gürcü və erməni xalqına qarşı yönəldilən kitab”[40], rəsmi İran dairələri isə “Ural çölləri və Şimali Türkistan oğuzlarının dəyərsiz nağılları”[41] adlandırırdı. Səhənd isə həmin dövrdə bu yasaqlardan çəkinməyən və yuxarıda sadaladığımız dəyərlərin hamısına birlikdə sahib olan bəlkə də yeganə Azərbaycan şairi idi. O, bu yükün altına girərkən ilk növbədə millətini aşağılayan, onu əsilsiz, köksüz kimi təqdim və təbliğ edən rus və fars şovunistlərinə, onların böhtanlarına inananlara sübut etmək istəyirdi ki, türklərin möhtəşəm bir tarixi və parlaq mədəni keçmişi var. Sadəcə olaraq bunları öyrənmək, sahiblənmək və təbliğ etmək lazımdır.
Böyük ziyalı, doktor Cavad Heyətin, “Dədəmin kitabı” dastanı ilə bağlı fikirləri də maraqlıdır. O, əsərə yüksək dəyər verməklə yanaşı, onu Firdovsinin “Şahnamə”si ilə müqayisə edir və Azərbaycan türklərinin “Millətnamə”si adlandırır[42]. Lakin Səhəndin “Millətnamə”si Firdovsinin başqa xalqları aşağılayan “Millətnamə”sindən fərqli olaraq, istibdad altında inləyən Vətənini və soydaşlarını azad görmək istəyən, həm də bunu başqa xalqlara da eynən arzu edən bir beynəlmiləlçinin – bu düşüncə sahibinin poetik fikir çələngidir:

Mən demirəm üstün nəjaddanam mən,
Demirəm elim ellərdən başdır.
Mənim məsləyimdə, mənim yolumda
Millətlər hamısı dostdur, qardaşdır[43].

Səhənd Vyetnamdan Kubaya qədər dünyanın hər yerində imperi­a­liz­mə qarşı azadlıq mübarizəsi aparan xalqlara öz şeirləri ilə dəstək ve­rir­­di. Bu baxımdan onun məşhur ABŞ yazıçısı, Nobel mükafatı laure­atı Con Steynbekə (1902-1968) ünvanlanladığı “Axır süjə” adlı şeiri xüsu­silə maraq doğurur. Özü kimi sol görüşlü olan Steynbekin əsərlərinin daimi oxucusu və təbliğatçısı olan Səhənd onun birdən-birə mövqeyini dəyişib ABŞ-ın Vyetnamda apardığı qanlı savaşa qəzet­lərdə haqq qazan­dırmasından dəhşətə gəlir. Zəhmətkeş insanların sosial, iqtisadi və mənəvi məşəqqətlərinə işıq tutan “Qəzəb salxımları” roma­nının müəl­lifindən bu addımı gözləmədiyindən onu satqın adlandırır və soruşur:

Bu gün Vyetnama soxulanların,
Faşist ordusilə fərqi hardadır?
O da insan qanı içirdi, bu da,
Baxsan həmin işdir, həmin kasadır[44].
 
Səhənd poeziyasını ölməz edən böyük ustalıq, dərin məna, poetik axıcılıqla yanaşı, həm də onun mayasında dayanan bəşəri dəyərlərə səmimi sədaqətdir. Bu səmimiyyətin poetik ifadəsini onun bütün yaradı­cılığı boyu izləmək mümkündür. Səhəndin yalnız bədii yaradıcılığı yox, həm də ictimai fəaliyyətinin məzmunu, işlətdiyi özəl iplik fabrikalrındandan əldə etdiyi gəlirləri yönəltdiyi istiqamətlər də bunu sübut edir.
Səhənd İran İslam inqilabını böyük ümidlərlə qarşılamışdı. O, inqilab liderlərinin bütün bəşəri və milli haqların qaytarılacağı barədə ölkə xalqlarına verdilkəri vədlərə, rəsmi bəyanatlara da səmimiyyətlə inanmışdı. Çünki Pəhləvi rejiminin yaratdığı dözülməz durumdan qurtuluş mübarizəsinə sağçıların, solçuların və ya mərkəzçilərin rəhbərlik etməsinin artıq onun üçün elə də böyük fərqi yoxdu. Təki millət öz azadlıqlarına qovuşsun. Ona görə də Xomeyniyə yazdığı “İmama salam” şeiri də bu səmimiyyətdən uzaq deyildi, hətta onu özünün cəbhədaşı adlandırmaqdan belə çəkinməmişdi. Axı onlar rejimə qarşı mübarizədə eyni səngərdə idilər:

Mən Səhəndəm, əyilməz yada tufanlı başım,
El bilir, haqlı döyüşlərdə keçib çoxlu yaşım,
Öyürəm mən səni ey dönməzim, ey cəbhədaşım,
Ey Əlinin xələf oğlu, sənə minlərcə salam!
Ey yazıq kütlələrin rəhbəri, ey şanlı İmam![45]

 Səhənd poeziyasını həmişəyaşar edən digər xüsusiyyət isə onun statik poeziyadan fərqli olaraq oxucu ilə daim interaktiv ünsiyyətdə olma­sıdır. Müdrik kəlamlar xəzinəsini xatırladan bu şeirlər sanki oxu­cusu ilə danışır, öz fikirlərini həmsöhbətinə lakonik şəkildə çatdırmaq istədikdə, onun düşüncələrinə dəstək olur.
... Səhənd valideynlərinin verdiyi adla yarımçıq da olsa, dolu bir “Bulud” ömrü yaşadı. Onun Güney Azərbaycanda milli azadlıq mübari­zəsi və anadilli ədəbiyyat üzərinə gözqamaşdırıcı “siyasi lirika şimşək­lə­ri­nin” müşayiətilə səpələdiyi nur və bərəkət damcıları bu gün öz bəh­rə­­sini daha çox verməkdədir. Xalqımızın Səhəndin arzuladığı dünyaya qovuş­masına bu bəhrələrin hər gün yardımçı olduğunu görməmək müm­kün deyil. Səhəndin arzuladığı dünyada:

Hər şey aşkar, aydındır,
Günəş var, işıq salır!
İnsanlar məhkum deyil,
Çiçək açır, bar verir,
Həyatından zövq alır!
İnsanlıq var, dostluq var,
Sevgi var, məhəbbət var![46]

Səhənd 1979-cu il aprel ayının 10-da yaradıcılığının ən barlı-bəhər­li çağında – 53 yaşında qəflətən dünyasını dəyişəndə onun vaxtsız ölü­mündən sarsılan şair dostu Sönməz “Səhənd kimdir?” adlı şeirində yazmışdı:

Bu qara torpağa giciklənirəm,
Günbəgün artırır öz xəzinəsin.
O necə basıbdır bağrına, bilməm
Səhənd tək bir zəngin söz xəzinəsin?![47]

Bu yüksək qiyməti Sönməzin şair dostunu itirməsindən doğan acı hisslərinin ani bir ifadəsi hesab etmək sözsüz ki, doğru deyil, çünki o, əslində Azərbaycan xalqının və sənət camiyəsinin Səhənd haqqında çoxdan formalaşmış düşüncələrini dilə gətirmişdi. Hələ neçə-neçə illər bundan əvvəl böyük söz ustadımız Şəhriyar dostuna ünvanladığı məşhur “Səhəndiyyə”sini bu misralarla başlamışdı:

Şah dağım, çal papağım, el dayağım,
Şanlı Səhəndim! Başı tufanlı Səhəndim![48] 

Hələ bu harasıdır, “sənət mülkünün məğlubedilməz soltanı öz tacını Səhəndin qarşısında əyib, cıqqasını çarıq edib onun ayaqlarına geydirmişdi. Daşmaqda olan incilər xəzinəsini Səhəndin geniş ətəyinə boşaltmışdı”[49]:

Bax nə hörmət var onun öz demişi tük papağında,
Şəhriyarın tacı əymiş baş durmuş qabağında,
Başına sovrulan inci, çarıq olmuş ayağında[50].

 Səhəndin yaradıcılığına, onun mübarizələrlə dolu həyatına, fikir dünyasına yaxından bələd olmayanlar üçün bəlkə də bu sözlər indi təəccüblü görünür: Axı necə ola bilər ki, Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından, əbədi zirvələrindən biri olan Şəhriyar ona “çal papağım” deyir?! Həm də təkcə özünün yox, Pəhləvi istibdadına qarşı ölüm-qalım savaşı aparan millətinin “papağı”, “dayağı” hesab edir, “tac”ını onun qarşısında əyir?
Əlbəttə, Şəhriyarın dilindən səslənən bu sözlərin daxili məntiqini an­la­maq üçün bəzi həqiqətləri xatırlatmaq lazım gəlir. Bu həqiqətlərdən biri və bəlkə də birincisi isə ondan ibarətdir ki, ustad cəmiy­yətdən küsüb özünə və öz evinə qapılanda, heç kəsi görmək istəməyəndə:

Özgə çırağına yağ olmaq bəsdir, 
Doğma ellərimiz qaranlıqdadır. 
Yanıb, yandırmayaq yadın ocağın, 
Evimiz soyuqdur, qışdır, şaxtadır[51].

– deyərək, onu “öz çırağımızı yandırmağa”, “öz evimizi qızdır­ma­ğa” – ana dilimizdə yazmağa çağıran və bu işdə ustada hərtərəfli dayaq olan məhz Səhənd idi[52]. Amma bundan da böyük həqi­qəti ustadın söhbət­lə­ri­nin birində görürük: “Səhəndin ədəbiy­yatı­mıza gəlişi ilə çox şeylər dəyişdi. Mən də dəyişdim. Dəyişməsəydim “Səhəndiy­yə”ni yaza bilər­dim­mi? Səhənd olmasaydı “Səhəndiyyə” də olmazdı. Səhənd unudul­muş dəyərlərimizi yenidən zehnimizə, dilimizə daşıdı. Biz, millət olaraq Səhəndə çox şeylər borcluyuq”[53]...
Səhənd Güneyli söz ustadlarımız arasında şeirləri rəsmi nəşrlərdə ən erkən yaşında çap olunan şairlərimizdən biridir. Onun “Alqış”, “Fədailər marşı” və “Keçmiş fədailərimizin yadı” sərlövhəli şeirlərii “Razi” təxəllüsü ilə 1945-ci ildə Təbrizdə “Şairlər məclisi” məcmuəsində[54] çap olunanda cəmi 19 yaşı vardı. Halbuki həmin məcmuədə toplum arasında artıq bu və ya digər dərəcədə tanınmış şairlərə yer verilmişdi. Lakin el dili ilə desək, Səhəndin ilk mətbu şeirlərinin “ayağı sayalı” olmadı. 
Pəhləvi rejiminin bütün məhrumiyyətlərinə və basqılarına rəğmən, Səhənd ədəbi yaradıcılıqdan əl çəkməsə də əsərlərinin növbəti nəşrini görmək üçün düz 20 il gözləməli oldu. Bu illər ərzində onun əsərlərinin bir çoxu it-bata düşdü. 1964-cü ildə “Sazımın sözü”[55] adlı ilk kitabı işıq üzü gördü. Kitab qeyri-rəsmi şəkildə – müvafiq dövlət qurumlarının icazəsi olmadan gizli çap olunmuşdu. Az sonra onun ikinci hissəsi də beləcə gizli şəkildə çap edildi. Şübhəsiz ki, qeyri-rəsmi olsalar da, bu nəşrlər Səhəndin ədəbi dairələrdə yalnız vətənpərvər bir insan kimi yox, həm də istedadlı şair kimi tanınmasında və söz sahibi olmasında böyük rol oynadı.
Səhəndin əsərlərinin Şimalda – Azərbaycan SSR-də ilk nəşri də elə həmin dövrə təsadüf edir. 1965-ci ilin martında musiqı xadimlərimiz Tehranda qas­trol səfə­rində olarakən tamaşaçılardan biri konsertdən sonra xalq artisti Şövkət Ələk­bərovaya gül yerinə bir kağız bükülüsü uzadıb deyir: “Mənim də hədiy­yəm budur!” Şövkət xanım Bakıya qayıtdıqdan sonra bükü­lünü – 23 vərə­qədə çap olunmuş 786 misradan ibarət “Dəli Domrul” poema­sını ədəbiyyatçı alimlərimizə verir. Onlar da bu “hədiyyə”ni xalq yazıçısı Mirzə İbra­­hi­m­ova çatdırırlar. Mirzə müəllim “Ədəbiyyat” qəze­tində “Dəli Domrul” adlı məqalə ilə çıxış edir, poemadan parçalar verməklə əsərin bədii məziy­yətlərindən söhbət açır və onu “Şəhriyarın “Heydərbabaya salam”ından sonra Cənubdan bizə gələn ən qiymətli yadigar və qardaşlıq  töhfəsi” adlandırır. Lakin altında “1343-cü il, azər ayı” və mürəkkəblə “B.K.Şimşək” yazılmış poemanın müəllifinin kimliyinin “mə­lum olma­dığını” qeyd edir. Əlbəttə, indi hamı yaxşı başa düşür ki, böyük ziyalı və ictimai xadim bunu irtica mühitində ana dilində əsər yazıb gizli şəkildə çap etdirmiş, yaxından tanıdığı Səhəndi qorumaq üçün etmişdir[56]. Məlumatın digər maraqlı tərəfi isə şairin özünü başqa bir təxəllüslə – “Şimşək” təxəllüsü ilə təqdim etməsidir. Bu məsələ ayrıca araşdırma tələb edir. Belə ki, bunun konspirasiya məqsədilə edildiyi, yaxud Səhəndin həmin dövrdə həqiqətən də bu təxəllüslə əsərlər yazıb-yazmadığı aydınlaşdırılmalıdır.
1973-cü ildə Səhənd bir neçə şeirini İranda səfərdə olan Dağıstanın xalq şairi Rəsul Həmzətov vasitəsilə Bakıya göndərir. O da öz dostu – xalq şairi Nəbi Xəzrinin dəstəyi ilə “Moskva səfəri”, “Almazlar”, “Buzçiçəyi” və “Səbir daşı” şeirlərinin 1974-cü ildə “Azərbaycan” yurnalında dərc edilməsinə nail olur[57]. Onu da qeyd etmək lazımdır ki, “Moskva səfəri” sonralar “Mədineye-fazilə”, “Almazlar” isə “İncilər” adı altında dərc olunmuş, mətnlərdə müəyyən redaktə işi aparılmışdır.
Səhəndin ilk rəsmi kitabı 1980-ci ildə Ankarada “Sazımın sözü”[58] (302 səh.) adı altında professor Dursun Yıldırım tərəfindən nəşr etdirilmişdir. Kitaba “Söz başı” və “Dədəmin kitabı”nın altı bölümü daxil edilmişdir: “Duxa Qoca oğlu Dəli Domrul”, “Dirsə xan oğlu Buğac”, “Qanlı Qoca oğlu Qanturalı”, “Qaraca çoban”, “Bəkil oğlu Əmrən”, “Təpəgöz”. Bu nəşr türk oxucusunu Güney Azərbaycanda gedən ədəbi proses və onun fəal iştirakçıları ilə tanış etmə baxımından təqdir edilməli bir addım idi. Kitabın sonunda isə oxucular üçün anlaşılmayan sözlərin lüğəti verilmişdir.
Dursun Yıldırım 2002-ci ildə əsəri bütövlükdə hər biri iki cild olmaqla “Dədəmin dilindən “Sazımın sözü” və “Dədəmin dilindən “Qardaş andı” adı ilə nəşr etdirmişdir. Bundan bir il öncə isə “Dədəmin Kitabı” ilk dəfə bütövlükdə Stokholmda azərbaycan dilində ərəb və latın əlifbaları ilə Dr.M.Ə.Fərzanənin ümumi redaktorluğu ilə çap olunmuşdu.
1984-cü ildə Azərbaycan SSR-də “Yazıçı” nəşriyyatında Səhəndin “Sazımın sözü” (254 s.) adlı kitabı işıq üzü görür. Fiolologiya elmləri namizədi Rəfiqə Qəmbərqızının tərtib edib çapa hazırladığı nəşrə ön söz və “Dədəmin kitabı”nın ilk altı bölümü ilə yanaşı bir neçə şeiri eləcə də mənzum məktubları daxil edilmişdir. Sonda çətin başa düşülən sözlərin lüğəti verilmişdir. Kitab Səhəndin həmin dövrdə Sovet Azərbaycanında tanıdılması və yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət kəsb etsə də, bəzi qüsurlardan da xali deyildi. Belə ki, heç bir izahat verilmədən bəzi şeirlərin ixtisarla dərc edilməsi, ikinci və üçüncü ərmağanların kitaba daxil edildiyi halda birinci ərmağana yer verilməməsi bu baxımdan xüsusilə diqqəti çəkir, oxucuda müəyyən suallar doğurur.
Təəssüflər olsun ki, bu kitabın 2006-cı ildə “Seçilmiş əsərlər” adı ilə çap olunmuş ikinci nəşrində (Bakı, “Şərq-Qərb” nəşriyyatı, 280 s.) qüsurlar düzəldilmək əvəzinə, onların üstünə yeniləri də əlavə edilmişdir.  
Səhəndin əsərlərinin nəşri tarixində onun 2010-cu ildə Təbrizdə Eldar Məhəmmədzadə Sədiq tərəfindən çap etdirilmiş “Divan”ının (382 s.) əhəmiyyətini xüsusilə qeyd etmək lazım gəlir. Şairin adları ədəbiyyatşünaslığa çoxdan məlum olan poemaları (“Xatirə”, “Araz”, “Fərhad”) və şeirlərinin böyük əksəriyyəti ilə oxucular ilk dəfə tam şəkildə məhz bu kitab vasitəsilə tanış olmaq imkanı əldə etmişlər. Ona görə də “Divan”ı Səhəndin əsərlərinin həmin vaxtadək işıq üzü görmüş ən mükəmməl nəşri hesab etmək olar. Əlbəttə, bütün üstün cəhətlərinə baxmayaraq bu nəşr də qüsurlardan xali deyil. Belə ki, şairin bir sıra əsərlərinin (“Alqış”, “Fədailər marşı”, “Keçmiş fədailərimizin yadı” və “Sovet gözəli” sərlövhəli şeirlərinin, “Elimin dayağı, yurdumun fəxri” sərlövhəli mənzum məktubunun) “Divan”a daxil edilməməsini nəşrin siyasi konyunkturaya uyğunlaşdırılması və ya senzuraya məruz qalması kimi qiymətləndirmək olar. Bütün bu qüsurlar isə son nəticədə Səhəndin yaradacılığını, ədəbi və siyasi görüşlərini bütöv şəkildə qiymətləndirməyə imkan vermir. Onu da qeyd edək ki, naşir E.M.Sədiq “Divan”a fars dilində “Çənd kəlmə” (“Bir neçə kəlmə”) sərlövhəli təqdimat, şairin həyat və yaradıcılığını əhatə edən “Qaraçorlu elinin sağanaq buludu” sərlövhəli ön söz, doktor H.M.Sədiq isə “Fəlsəfi düşüncəli və mübariz ruhlu şair”[59] sərlövhəli giriş məqaləsi yazmışdır.
Səhəndin əsərləri istər Azərbaycan, istər Türkiyə, istərsə də İranda ayrı-ayrı toplu və antologiyalarda da dərc edilmişdir.
2002-ci ildə Dr. Ali Kafkasiyalı Ərzurum Atatürk Universitəsində nəşr etdiyi “İran Türk edebiyyatı antolojisi”nin VI cildinə Səhəndin həyat və yaradıcılığı haqqında məqalə ilə yanaşı “Alqış”, “Fədailər marşı”, “Keçmiş fədailərimizin yadı” sərlövhəli şeirlərini, “Araz” poemasını, “Qardaşım Əiağa Kürçaylıya” başlıqlı mənzum məktubunu və “Sazımın sözü”ndən  “Duxa Qoca oğlu Dəli Domrul” boyunu daxil etmişdir[60]. Hər şeydən göründüyü kimi, Dr. Ali Kafkasiyalı antologiyanın bu bölməsini hazırlayarkən Bakıda nəşr olunmuş “Cənubi Azərbaycan antologiyası”nın III və IV cildlərindən istifadə etmişdir.
İstər sağlığında, istərsə də ölümündən sonra, Səhəndin həyat və yaradıcılığı ilə bağlı ayrı-ayrı mətbuat orqanlarında xeyli məqalə dərc edilmişdir. Lakin bu məqalələrin əksəriyyəti səthi, məlumat xarakterli yazılar və bir-birindən köçürmələr olduğundun elə bir elmi əhəmiyyət kəsb etmir. Rəna Əliyevanın “Bulud Qaraçorlu Səhəndin vətəndaşlıq poeziyası” mözusunda müdafiə etdiyi namizədlik işini (Moskva, 1977), filologiya elmləri doktoru Sabir Nəbioğlunun “Səhənd” adlı kitabını (Bakı, 2006) və Türkiyəli tədqiqatçı Ali Selami Başoğlunun “Güney Azerbaycan şairi Bulud Karaçorlu Sehendin nazminda dil özellikleri” mövzusunda yüksək lisans tezini (Malatya, 2009) isə hələlik bu sahədə görülmüş ən uğurlu işlər hesab etmək olar.  




ƏDƏBİYYAT

1. Azərbaycan dilində
(latın, ərəb və kiril əlifbasında)

  1. “Azərbaycan” yurnalı 1974, № 5.
2.       Cənubi Azərbaycan ədəbiyyatı antologiyası (IV c). Bakı, 1994.
  1. Dəstpiş B. “Heyrət və vüqar”, “Dostlar görüşü”, toplayanı D-P. Salamulla Cavid, Tehran, 1359 (1980).
4.       “Ədəbiyyat” qəzeti, 17 aprel 1965-ci il.
5.       Əkrəm Rəhimli (Bije). Seyid Cəfər Pişəvəri. Bakı, “Nurlar”, 2009.
  1. Fikrət Süleymanoğlu. Səhəndin “Axır süjə” şeiri ilə bağlı qeydlər. “Elm və həyat” jurnalı, 2, 2012.
7.       Xoşbəxt Əliyeva. “Dədə Qorqud” obraz və süjetləri bədii ədəbiyyatda (avtoreferat). Bakı, 2007.
  1. Pərvanə Məmmədli. Türkçülük avazı il yazıb  yaradan şair Səhənd. "Azərtürk International” dərgisi, № 4, 2008, Quebes, Kanada.
9.       Sabir Nəbioğlu. Səhənd. Bakı, “Nurlan”, 2006.
10.    Səhənd. Dədəmin kitabı. Stokholm, Durna och Tribun. 2001.
11.    Səhənd. Divan (hazırlayan: Eldar Məhəmmədzadə Sədiq). Təbriz, 2010.
  1. Səhənd. Divan. Təbriz, 2010.
13.    Səhənd. Sazımın sözü. Tehran, “Şəms” nəşriyyyatı, 1965.
14.    Səhənd. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006.
15.    Sərrafi Ə. İranda “Dədə Qorqud” kitabının tanınması və nəşri tarixindən. “Varlıq”, 1376, № 2.
16.    Şairlər məclisi. Təbriz 1945, № 3-4.
17.    Şəhriyar. Divani-Türki. Bakı, “Sabah”, 1993.
  1. Varlıq” jurnalı, 1358 (1979). Tehran, 1.

2. Türk dilində

  1. Ali Selami Başoğlu. Güney Azerbaycan şairi Bulud Karaçorlu (Sehend)nun nazminda dil özellikleri (Yüksek lisans tezi). Malatya, 2009.
  2. Bulut Karaçorlu Sehend. Sazımım sözü (basına hazırlayan Dursun Yıldırım). Ankara, 1980.
  3. 21.    Fethi Gedikli. İranlı Dede Korkut Şairi: Bulud Karaçorlu Sehend.
  1. Güntay Gəncalp. Yüksəl Birol. Bakı, “Qanun”, 2006, s.101
  2. İran Türk ədəbiyyatı Antolojisi –VI. Erzurum, 2002.
  3. Türk dünyası el edebiyyatı (III cild). Ankara, 1992, s. 664

3. Rus dilində

25.    Гейбуллаев Г. К этногенезу aзербайджанцев. Баку, “Элм”, 1991.
  1. Рена Алиева. Гражданская лирика Булуда Саханда (автореферат). Москва, 1977.

4. İnternet resursları

27.    Ersan Erel. Bulud Qaraçorlu Səhənd. www.azadtribun.net/ x18674.htm 
  1. http:// www.sehend-turkce.blogspot.com
29.    http:// www.sehend-turkce.blogspot.com
31.    http://www. wikipedia.org/wiki/Реза_Пехлеви
34.    Hümmət Şahbazi. www.sozunsozu.com/forum/showthread.php
35.    Melihe Azizpur. Güney Azerbaycanda çağdaş edebiyyatın durumu. http://me­lihe­ezizpur.blogfa.com
36.    Möhsün Qardaş Xuşgənabi. http://www.butov.az
37.    Nesib Nesibli, Vedadi Mustafayev. İran’ Da Azerbaycan Türk Dili: Devlet Siyaseti Ve Karşı Direniş. http://azer-baycan.blogspot.com/2010/02/






[1] Şairin qəbir daşındakı hicri təqvimi ilə “1305-ci il” (1926) tarixi əsas götürülüb. 
[2] Гейбуллаев Г. К этногенезу aзербайджанцев. Баку, “Элм”, 1991, s.139.
[3]  Səhənd. Divan. Təbriz, 2010, s.23.
[4] Səhənd. Dədəmin kitabı. Stokholm, Durna och Tribun. 2001, s. 267-268.
[5] Naşir Eldar Məhəmmədzadə Sədiq şairin “Divan”ına yazdığı ön sözdə Səhəndin guya Qaradağda öz kəndlərində doğulduğunu bildirir. Lakin bu məlumat “Dədəmin kitabı”ındakı avtobioqrafik məlumatlarla təkzib olunur.
[6] S ə h ə n d – Təbriz yaxınlığında hündürlüyü dəniz səviyyəsindən 3707 m  yüksəklikdə olan dağ.
[7] Səhənd. Dədəmin kitabı. s. 226-227.
[8] Əkrəm Rəhimli (Bije). Seyid Cəfər Pişəvəri. Bakı, “Nurlar”, 2009. s.61.
[9] Рена Алиева. Гражданская лирика Булуда Саханда (автореферат). Москва, 1977, s.6.
[10] http://www. wikipedia.org/wiki/Реза_Пехлеви
[12] Sabir Nəbioğlu. Səhənd. Bakı, “Nurlan”, 2006, s. 27.
[13] Səhənd. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, s. 22.
[14] http:// www.sehend-turkce.blogspot.com
[15] Ali Selami Başoğlu. Güney Azerbaycan şairi Bulud Karaçorlu (Sehend)nun nazminda dil özellikleri (Yüksek lisans tezi). Malatya, 2009, səh. XII.
[16] Cənubi Azərbaycan ədəbiyyatı antologiyası (IV cild). Bakı, 1988, s. 280.
[17] http:// www.sehend-turkce.blogspot.com
[18] Ersan Erel. Bulud Qaraçorlu Səhənd. www.azadtribun.net/ x18674.htm
[19] Dəstpiş B. “Heyrət və vüqar”, “Dostlar görüşü”, toplayanı D-P. Salamulla Cavid, Tehran, 1359 (1980), s. 56-57.
[20] Səhənd. Seçilmiş əsərləri, s. 20.
[21] Yenə orada, s. 17.
[22] Səhənd. Divan. Təbriz, 2010, s.156-157.
[23] Yenə orada, s. 28.
3 Nesib Nesibli, Vedadi Mustafayev. İran’ Da Azerbaycan Türk Dili: Devlet Siyaseti Ve Karşı Direniş. http://azer-baycan.blogspot.com/2010/02/
[25] Fethi Gedikli. İranlı Dede Korkut Şairi: Bulud Karaçorlu Sehend.
[26] Türk dünyası el edebiyyatı (III cild). Ankara, 1992, s. 664.
[27] Şəhriyar. Divani-Türki, s. 54.
[28] Səhənd (Bulud Qərəçorlu). Dədəmin kitabı, s. 20.
[29] Рена Алиева. Гражданская лирика Булуда Саханда. s.6.
[32] Səhənd (Bulud Qərəçorlu). Dədəmin kitabı, s. 20.
[33] Yenə orada.
[34] http:// www.sehend-turkce.blogspot.com
[35] Səhənd. Seçilmiş əsərləri,  s.18-19.
[36] Səhənd. Divan. Təbriz, 2010, s.59.
[37]Melihe Azizpur. Güney Azerbaycanda çağdaş edebiyyatın durumu. http://me­lihe­ezizpur.blogfa.com
[38] Məhəmmədəli Fərzanə. Cənubi Azərbaycanın milli-mübariz şairi: Bulud Qərəçorlu Səhənd. Dədəmin kitabı, s. 31.
[39] Yenə orada.
[40] Xoşbəxt Əliyeva. “Dədə Qorqud” obraz və süjetləri bədii ədəbiyyatda (avtoreferat). Bakı, 2007, s. 5.
[41] Sərrafi Ə. İranda “Dədə Qorqud” kitabının tanınması və nəşri tarixindən. “Varlıq”, 1376, № 2, s. 22.
[43] Səhənd. Seçilmiş əsərləri,  s. 42.
[44] Səhənd. Divan. Təbriz, 2010, s. 73.
[45] Varlıq, 1358 (1979). Tehran, sayı:1, s. 41-44.
[46] Səhənd (Bulud Qərəçorlu). Dədəmin kitabı, s. 200.
[47] Cənubi Azərbaycan ədəbiyyatı antologiyası (IV c). Bakı, 1994, s.177.
[48] Şəhriyar. Divani-Türki. Bakı, “Sabah”, 1993, s. 53.
[49] Möhsün Qardaş Xuşgənabi. http://www.butov.az
[50] Şəhriyar. Divani-Türki, s. 54.
[51] Səhənd. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, s. 35.
[52] Sabir Nəbioğlu. Səhənd, s.11.
[53] Güntay Gəncalp. Yüksəl Birol. Bakı, “Qanun”, 2006, s.101.
[54] Şairlər məclisi. Təbriz 1945, № 3-4, s. 346-348
[55] Səhənd. Sazımın sözü. Tehran, “Şəms” nəşriyyyatı, 1965.
[56] “Ədəbiyyat” qəzeti, 17 aprel 1965-ci il.
[57] “Azərbaycan” yurnalı 1974, № 5, s. 178-180.
[58] Bulut Karaçorlu Sehend. Sazımım sözü (basına hazırlayan Dursun Yıldırım). Ankara, 1980.
[59] Səhənd.. Divan (hazırlayan: Eldar Məhəmmədzadə Sədiq). Təbriz, 2010, s. 7-40.
[60] İran Türk edebiyyatı antolojisi (VI). Erzurum, 2002. s, 19-39.

Комментариев нет:

Отправить комментарий