четверг, 24 мая 2012 г.


Fikrət SÜLEYMANOĞLU


SƏHƏNDİN "AXIR SÜJƏ" ŞEİRİ İLƏ BAĞLI QEYDLƏR

XX əsrin ortalarında Güney Azərbaycanda milli azadlıq mübarizəsinin və sol hərəkatın fəallarından biri, böyük beynəlmiləlçi Bulud Qaraçorlu Səhənd (1926-1979) bütün ədəbi yaradıcılığı boyu Vyetnamdan İspaniyaya, İspaniyadan Kubaya qədər əsarət altında olan xalqların imperializmə qarşı mücadiləsini diqqətlə izləməklə yanaşı, əsərlərində bu məsələyə xüsusi yer ayırmışdır. Şairin Vyetnam xalqının ABŞ təcavüzkarlarına qarşı azadlıq savaşı ilə bağlı qələmə aldığı şeirlər, o cümlədən Axır süjə (Axır süjet) [1; 70-74] adlı şeiri bu baxımdan xüsusi maraq doğurur.
Hicri-şəmsi təqvimi ilə 1346-cı ilin aban ayında (1966) yazılmış, 16 bənddən ibarət olan və məşhur ABŞ yazıçısı, Nobel mükafatı laureatı Con Ernst Steynbekə[1] (1902-1968) ünvanlanmış bu əsərin maraqlı yaranma tarixi vardır.
Məlum olduğu kimi, vyetnamlıların uzun illər boyu davam edən milli azadlıq və ölkənin bütövlüyü uğrunda mübarizəsi 1964-cü il avqustun 2-də ABŞ-ın eskadra mina gəmisi Meddoks və Şimali Vyetnamın mühafizə katerləri arasında baş verən insidentdən sonra yeni mərhələyə qədəm qoydu. Konqresin təcili surətdə qəbul elədiyi Tonkin qətnaməsi ilə prezident Lindon Consonun (1908-1973) bu bölgədə hərbi qüvvələrdən istifadəsinə icazə verildi. Nəticə yubanmadı, avqustun 5-də Amerika hərbi hava qüvvələri Şimali Vyetnamın strateji obyektlərinə zərbələr endirməyə başladı (Pierce Arrow əməliyyatı) və beləliklə də ABŞ Cənub-Şərqi Asiyada genişmiqyaslı müharibəyə qoşuldu [2].
Amma həmin əməliyyatdan sonra bütün dünyada Vyetnam xalqının mübarizəsinə dəstək və ABŞ-ın hərbi təcavüzünə qarşı kəskin çıxışlar geniş vüsət almağa başladı. Bu dəstəyin və çıxışların öncüllüyünü isə heç şübhəsiz ki, hər yerdə sol hərəkata mənsub görkəmli şəxslər və sosial aktiv qruplar edirdi. Azad dünya mətbuatı ABŞ əsgərlərinin Vyetnamda törətdikləri qanlı cinayətləri faş etdikcə, bu hərəkata qoşulanların sayı da sürətlə artırdı. Bölgədən gələn saysız-hesabsız əsgər tabutları ölkənin daxilindəki müharibə əleyhdarlarının get-gedə yüksələn səslərini qulaqardına vurulmayacaq həddə yüksəltmişdi. İş o dərəcəyə çatmışdı ki, 1966-cı ildə ABŞ-ın 6500 nəfər dünyaşöhrətli ədəbiyyat, mədəniyyət və incəsənət xadimi bəyanat yayaraq bu təcavüzkar müharibəni pisləmişdi.
ABŞ-ın Vyetnamda törətdiyi cinayətləri araşdırmaq məqsədilə 1966-cı ildə ingilis riyaziyyatçısı və filosofu, Nobel mükafatı laureatı Bertran Rasselin (1872-1970) fəxri prezidentliyi altında Beynəlxalq Tribunal yaradılmışdı. Tribunala digər bir Nobel mükafatı laureatı, fransız filosofu, yazıçı və dramaturqu Jan Pol Sartr (1905-1980) rəhbərlik edirdi. Beynəlxalq Tribunalın tərkibində məşhur elm və mədəniyyət xadimləri ilə yanaşı, tanınmış hüquqşünaslar və dövlət xadimləri də vardı [4].
Amma bu qanlı müharibəni haqlı sayanlar da yox deyildi. Təəccüblü olsa da onlardan biri də yazıçı Con Ernst Steynbek idi. Bir vaxtlar öz qələmi ilə faşizmə, milli azadlıqları boğanlara qarşı mübarizənin ön cərgəsində olan, hətta sol hərəkata yaxınlığı ilə tanınan humanist bir yazıçının bu mövqeyə necə yuvarlanmasının ibrətamiz tarixçəsi vardı. 1966-cı ildə yazıçının oğlu Con hərbi xidmət üçün Vyetnama göndərilmişdi. Bir müddət sonra o, yaralanmış və hərbi hospitala yerləşdirilmişdi.
Prezident Consonla yaxın münasibətdə olan, hətta onun üçün bəzən xüsusi çıxışlar hazırlayan Steynbek “böyük dost”unun təklifi ilə “hər şeyi öz gözləri ilə görmək üçün” Vyetnama yola düşür. Yazıçı orada təkcə yaralı oğluna baş çəkmir, həm də bir neçə ay ərzində müharibənin lehinə məqalələr yazaraq “Newsday” qəzetinə göndərir. “Alisaya məktublar” başlığı altında dərc olunan bu yazılar təkcə Steynbeki sevən oxucuları deyil, bütün sol görüşlü insanları da şoka salır. Ədalət naminə qeyd etməliyik ki, bu məqalələrdə ifadə olunan bir çox fikirləri, bəzilərinin iddia etdikləri kimi, yaralı əsgər atasının zəif valideyn hissləri ilə izah etmək mümkün deyil. Steynbek yazılarının birində hətta hərbi vertolyotla hücum reydində iştirakından bəhs edir, Amerika pulemyotçusunun “düşmən”ə güllə yağdıran barmaqlarını dünyaşöhrətli violonçel ustası Pablo Kazalosun (1876-1973) simlər üzərində gəzişən barmaqları ilə müqayisə edirdi [5]. Bu, mədəniyyətə və sənətə qarşı görünməmiş hörmətsizlik və təhqir idi. Azad və bütöv bir vətəndə yaşamaqdan başqa heç bir iddiası olmayan, heç kəsin bir qarış torpağına belə göz dikməyən günahsız insanların başına ölümsaçan barmaqları ruh oxşayan musiqilər yaradan sehirli barmaqlarla müqayisə etməsi Steynbekin bir ziyalı olaraq bağışlanılmaz səhvi idi...
“Qəzəb salxımları”, “Siçanlar və insanlar”, “Həyəcanlarımızın qışı”, “Çarli ilə səyahət” kimi məşhur əsərlərin 64 yaşlı müəllifinin bu ağlasığmaz bənzətməsi onun çoxsaylı dostları ilə yanaşı, bir çox dünya ziyalılarını, o cümlədən Vyetnam xalqının azadlıq savaşını birmənalı şəkildə dəstəkləyən Səhəndi də dərindən üzmüş və “Axır süjə” şeirinin yazılmasına səbəb olmuşdu. Olduqca sərt tonda qələmə alınmış bu əsərdə şairin hətta təhqir səviyyəsinə çatan qəzəbi şeirin elə ilk bəndlərindən üzə çıxır:

Heyfslənirəm, o günlərimə,
Hırsız bir namərdə aldanmağıma.
O, insan adını oğurlayanın,
Təzvirkarlığına tovlanmağıma.

Az deyil - 20 il mən bu namərdi
Bir insan tanıyıb, tanıtdırmışam.
Bir çox özümdən də sadələrinə
Bütün yazdıqların oxutdurmuşam.

Səhənd belə hesab edirdi ki, uzun illər ərzində sevə-sevə oxuduğu və yaxın ətrafına da oxutdurduğu sevimli əsərlərin müəllifi bu hərəkəti ilə Qəzəb salxımları romanında və başqa əsərlərində müdafiə elədiyi humanist bəşəri dəyərlərə, imperializm zülmü altında inləyən məzlum insanlara, ən əsası da öz keçmişinə xəyanət edib. Həm də nəinki xəyanət edib, yüksək ustalıqla təsvir elədiyi yırtıcı kapitalistlərin Böyük depressiya illərində qiymətlərin aşağı düşməsini önləmək üçün tərəvəzi, meyvəni, heyvanları məhv edən, kartof kisələrini və apelsin qutularını ac-yalavac insanların gözləri qarşısında çaya tökən mənfi qəhrəmanlarının köləsinə çevrilib. Ona görə də yazırdı:

Bazar çox qızğındır yeni dünyada,
Vicdan da bir matah kimi satılır.
Bir ovuc dollara, bir ovuc pula
Şərəfin, namusun daşı atılır.

“Qəzəb salxımları”n yaradan əllər,
Qəzəb ordusuna top da atarmış.
Faşizm əleyhinə yazan qələmlər
Ələnib-dolanıb faşist olarmış.

Səhənd Vyetnam yaşayış məntəqələrini, mülki əhalini və onların təsərrüfatlarını napalm bombaları ilə yandırıb məhv edən ABŞ hərbçilərinin qəddarlıqları ilə faşist Almaniyasının Avropada törətdiyi vəhşiliklər arasında heç bir fərq görmürdü. Ona görə də sual edirdi:

Bu gün Vyetnama soxulanların,
Faşist ordusuyla fərqi hardadır?
O da insan qanı içirdi, bu da,
Baxsan həmin işdir, həmin kasadır.

Səhəndi təəccübləndirən bir şey də vardı, axı necə olurdu ki, planetin hər yerində bu zülmə qarşı mübarizənin, az qala ümumbəşəri miqyas aldığı, mitinq və nümayişlərin pik nöqtəsinə çatmaqda olduğu bir zamanda insanlığa qarşı bu saymazyanalıq baş verir:

Bu quduzluqlara qarşı dünyada
Etiraz səsləri göyə gedirkən,
Sartrlar, Rasellər məhkəmə qurub,
İnsan cəlladların məhkum edirkən.

Masqalı bir yanki, axmaq bir kavboy
Var-yoxun uduzur, vicdanın satır.
Məzlum və mübariz bir xalqa qarşı
Şərəfini güllə eyləyir, atır.

Səhənd işğalçıların tərəfinə keçmiş Steynbekin silaha çevirdiyi qələmi ilə yalnız vyetnamlıları deyil, bir ziyalı olaraq həm də özü-özünü öldürdüyünü bildirir, bu yazılarını onun axır süjeti kimi təqdim edir. Şeirin sonluğu isə fəlsəfi bir notla tamamlanır:

Baxma hələ nəfəs çəkirsən, satqın,
Ölüm, təkcə deyil nəfəs çəkməmək.
Çoxlar nəfəs çəkmir, yaşayır, amma,
Çoxlar nəfəs çəkir, ölüdür demək!

Yuxarıda qeyd etdiyimiz kimi, bu hadisədən dolayı Steynbeki tənqid atəşinə tutan təkcə Səhənd deyildi. 1966-cı ildə rus şairi Yevgeni Yevtuşenko da ona bir məktub yazmışdı. Con Steynbekə məktub (Письмо Джону Стейнбеку”) [6] adlı həmin şeirdə Yevtuşenko Moskvada Огонекjurnalı redaksiyasında tanış olduğu köhnə dostu Steynbekə bir zaman onlara verdiyi məsləhəti xatırladır (Qurd balaları, dişlərinizi göstərin!) və ironik bir üslubda indi öz siyasətçilərinə dişlərini göstərmək növbəsinin ona çatdığını bildirir:

Köhnə dostum Con,
Sizi öyrətmək mənə düşməz,
özüm Sizdən öyrənməli, öyrənməliyəm.
Amma Siz özünüz susmamağı öyrətmişdiniz.
... Dişləmək lazımdır, Con...
yoxsa dişlər kəsərini itirər.
Bəlkə də kiminsə Qəzəb salxımları irəlidədir,
amma yəni Sizinki
doğrudanmı yalnız keçmişdə qalıb?
Siz həmişə zamanı dinləməyi bacarmısınız.
Eşidirsiz
uzaq Vyetnamdan
cəngəllikləri keçib
Nyu-Yorka,
Moskvaya qədər
uçub gələn,
“Ana... ana...” deyə,
kömək diləyən fəryadları?
Sizin Çarli də dırnaqları ilə döşəməni
                                     cırmaqlayır.
Pilotun uşaqları bombalamağa getdiyi
bu gecələr Sizə qorxulu deyil?
Bəlkə onlar -
həyəcanlarımızın qışı olan bu günlər
Sizin Çarli haqqında kitabınızla uçurlar?[2]

Göründüyü kimi, Səhəndin, Yevtuşenkonun, eləcə də bir çox başqa ziyalıların Steynbekə qarşı bu münasibəti heç də əsassız deyildi. Amma bir həqiqət də var ki, yazıçı elə də çox keçmədən öz səhvini başa düşmüş və böyük təəssüf hissilə demişdi: “Özüm də anlamıram ki, bu diskussiyaya necə qarışdım. Axı mən bu səhvləri edənlərdən heç də artıq bilmirəm” [7].
Sonralar o, Yevtuşenko ilə üzbəüz söhbətində səhvi ilə bağlı mövqeyini bir az da dəqiqləşdirmişdi: “Bu məsələdə hər ikimiz – sən də, mən də haqlı deyilik. Bilirsən niyə? Belə hallarda heç kəsin tərəfini tutmaq lazım deyil, çünki hər iki tərəfin də nədəsə günahı var. Təəssüf ki, mən bunu gec başa düşdüm. Sən də nə vaxtsa anlayarsan” [8].
Əlbəttə, şeirlərdən də göründüyü kimi, Səhəndin məsələyə yanaşma tərzi Yevtuşenkonun mövqeyindən xeyli fərqli və daha sərtdir. Nə bu sərtlik, nə də Səhəndin məntiqi Steynbekin “hər iki tərəfin də nədəsə günahı var” izahını qəbul etməyə yer qoymur. Çünki bunun üçün “Xalqın öz azadlığı və bölünmüş torpağını birləşdirmək uğrunda mübarizəsi günahdırmı?” – sualına cavab vermək lazım gəlir. Cavab isə məlumdur...
Aydın məsələdir ki, Səhəndin sərtliyini şərtləndirən ciddi səbəblər vardı. Hər şeydən əvvəl, o, vyetnamlılar kimi ikiyə bölünmüş bir xalqın övladı idi. O da bir vaxtlar vyetnamlılar kimi əlində silah öz vətəninin azadlığı və bütövlüyü uğrunda vuruşmuş, zindan həyatı yaşamış, fiziki və mənəvi basqılara məruz qalmış, döyüşü Vyetnama təcavüz edən həmin beynəlxalq güclərə və onun İrandakı əlaltılarına uduzmuşdu. Onu da yaddan çıxarmaq olmaz ki, Səhəndin yaşadığı Pəhləvi İranı Yevtuşenkonun yaşadığı Sovet İttifaqından fərqli olaraq ABŞ-ın dostu və müttəfiqi idi. Yevtuşenkonun hərəkəti Vyetnamı dəstəkləyən SSRİ-nin rəsmi dairələri tərəfindən təqdir edildiyi halda, Səhəndin hərəkəti şovinist şah rejiminin qəzəbinə tuş gələ və onun başına yeni bəlalar aça bilərdi. Amma o susmur və heç nədən qorxmurdu, çünki üsyankar ruhu sahib olduğu dəyərləri həmişə sonacan müdafiə etməyə sövq edirdi...
“Axır süjə” şeiri Səhəndin bir şair olaraq dünyada gedən milli azadlıq hərəkatlarına səmimi rəğbətini və imperializmə nifrətini sərgiləməklə yanaşı, həm də onun mükəmməl təhsil almadığı halda, özünü dövrün tələbləri səviyyəsində yetişdirməyi bacarmış, ictimai-siyasi və ədəbi prosesləri yaxından izləyən geniş erudisiyalı bir ziyalı olduğunu göstərir.


İstifadə olunmuş ədəbiyyat:

1. Səhənd. Divan (hazırlayan: Eldar Məhəmmədzadə Sədiq). Təbriz, 2010.
2. www.http://ru.wikipedia.org/wiki
3. Злобин Г. Джон Стейнбек. http://www.belletrist.ru/ definit/steinbeck.defin.htm
4. http://www.index.org.ru/othproj/crimcrt/russell.html
5. Евтушенко Е. Выдержанное вино из “Гроздьев гнева”. “Огонек”, № 32, 2002.
6. Евтушенко Е. Письмо Джону Стейнбеку”). “Литературная газета, 7 iyul 1966-cı il.
7. Иванкьо С. Биография Джона Стейнбека. http://lib.ru/STEJNBEK/biography.txt



[1] Şeirdə “Can İştayn Bək” kimi verilmişdir.
[2] Sətri tərcümə məqalə müəllifinindir.