четверг, 28 апреля 2011 г.

“BAŞIAÇIQ TATYAN QƏLƏSİ” VƏ BU TOPONİMİN EPOSA DÜŞMƏ TARİXİ HAQQINDA


Çoxlu araşdırmalara rəğmən “Kitabi-Dədə Qorqud” boylarında adı keçən, lakin yeri hələ də dəqiq müəyyənləşdirilməmiş xeyli sayda toponim qalır. Onlardan biri də tədqiqatçıların eposdakı tarixi faktlar kateqoriyasına aid etdikləri “Başıaçıq Tatyan qələsı”dır.

Eposun “Qazan bəg oğlu Uruz bəgin tutsaq oldığı boy”unda Qazan xan öz taxt-tacının, səltənətinin sabahını düşünərkən qara fikirlərə qapılıb ağlayır. Artıq həddi-buluğa çatmış, lakin əlindən heç bir iş gəlməyən oğlu Uruzu: “Sağım ələ baqdığımda qardaşım Qaragünəyi gördüm, baş kəsibdir, qan tökübdür, çuldi alıbdır, ad qazanıbdır. Solum ələ baxdığımda dayım Aruzu gördüm. Baş kəsibdür, qan tökübdür, çuldi alubdır, ad qazanıbdır. Qarşım ələ baxdığımda səni gördüm. On altı yaş yaşladın... Yay çəkmədin, ox atmadın, baş kəsmədin, qan dökmədin. Qanlı Oğuz içində çuldi almadın. Yanki gün zəman dönüb, bən ölüb, sən qalıcağ a, tacım-təxtim səna verməyələr” [8340-341] deyə, qınayır. Lakin Uruz atasının bu qınağına çox dərin mənası olan bir məntiqlə cavab verir: Hünəri oğul atadanmı görər, ögrənər, yoxsa atalar oğuldanmı ögrənür? Qaçan sən məni alub kafər sərhəddinə çıxardın, qılıc çalub baş kəsdin? Mən səndən nə gördüm, nə öyrənim? [8341].
Uruzun haqlı iradı ilə qəflət yuxusundan oyanan Qazan xan onu götürüb bir vaxtlar ox atdığı, qılınc çab baş kəsdiyi yerlər»ə kafər sərhədindəki Cızıqlara, Ağlağana, Gökcə dağa apar. Elə həmin yerlərdə də Başıaçıq Tatyan qələsindən, Aqska qələsindən olan casuslar ata ilə oğulu görüb təkura xəbər verirlər: “Hay, nə oturarsan, itini ulatmıyan, çətüqini molatmıyan! Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub, yaturlar”. Boyun əsas hadisələri də məhz bundan sonra cərəyan etməyə başlayır...
Burada söhbətin qonşu Gürcüstan Respublikasının cənub-qərb torpaqlarındakı tarixi qalalardan getdiyi heç bir şübhə doğurmur. Amma onu da qeyd etmək lazımdır ki, epos araşdırmaçılarının bir çoxu qonşu ölkənin keçmişi ilə bağlı bilgi əksikliyindən “Başıaçıq” sözünün izahı zamanı tarixi həqiqətləri təhrif edən ciddi yanlışlıqlara yol veriblər. Təəssüf doğuran həm də odur ki, bu cür yanlışlıqlara elmdə keçərli söz sahibi olan tanınmış alimlərin ayrı-ayrı qeydlərində də rast gəlirik. Belə ki, akademik V.V.Bartold eposu rus dilinə tərcümə edərkən “Başıaçıq Tatyan qələsi”ini oxucuya “крепость Дадиана непокрытый головой” (başı açıq olan Dadianın qalası) kimi təqdim etmiş [3–54], professor A.N.Kononov onun tərcüməsinə yazdığı izahlarda  bunu “gürcü çarının titulu”, “gürcülərın ləqəbi və Gürcüstanın adı” adı kimi yozmağa çalışmış [3–269], akademik H.Araslı “müsəlman dövlətlərinin Gürcüstana verdiyi ad” olduğu qənaətinə gəlmiş, professor S.Babayev isə “Başı açıq dedikdə Gürcüstanın, yaxud Gürcüstanın indiki Kutaisi rayonu ərazisinin nəzərdə tutulduğunu” [2–44] bildirmişdir.
“Başıaçıq” sözünü guya “gürcülərin döyüşə başı açıq girməsi” kim həqiqətlə əlaqəsi olmayan hansısa “məlumat”la bağlayan mülahizələr də yox deyil.  Görünür, belə mülahizələrin yaranmasına gürcü yazıçısı A.Seretelinin “Başı Acıq” povesti əsasında rejissor L.Esekiyanın çəkdiyi eyni adlı film səbəb olmuşdur. Lakin həmin fikrin tərəfdarlarına povestdəki bu hissəni diqqətlə oxumağı məsləhət görürük:
“– Sənə nəyə görə “Başı Açıq” deyirlər?
– Məni burdakı iranlılar belə adlandırıblar. Onlar başımdakı “papanaxi”ni görməzlikdən gəlib məni başı açıq hesab edirlər”[23]...
Əslində məlumat kirliliyindən qaynaqlanan bu cür mülahizələrə eposun həmin qolundan bir cümlə ilə də cavab vermək olardı: “Toz yarıldı, gün kibi şıladı, dəniz kibi yayqandı, meşə kibi qarardı. On altı bin ip üzəngili, keçə börklü, azğın dinli, quzğun dilli kafər çıqa gəldi” [11–92]. Burada “keçə börk” dedikdə bölgə kişilərinin bu gün də başından çıxarmadıqları, hamının yaxşı tanıdığı papağın – svankanın nəzərdə tutulduğu gərək mübahisə mövzusu olmasın. Deməli, boyda söhbət heç də fiziki mənada başı açıqlıqdan getmir.  
Əslində “Başıaçıq” sözünün yaranmasının maraqlı tarixçəsi var. Belə ki, 1490-cı ildə  vahid Gürcüstan dövləti dağılaraq İmereti, Kartli və Kaxet çarlıqlarına, Samsxe-Saatabeqo (Ahıska), Meqrel, Quriya və Abxaz knyazlıqlarına parçalanmışdı [3-268]. Bu, tezliklə onlardan ikisinin – Kartli və Kaxeti çarlıqlarının şərqin ən qüdrətli imperiyalarından birinə çevrilmiş Səfəvi dövlətinin tabeçiliyinə keçməsi ilə nəticələndi. Mərkəzi Kutaisi şəhəri olan İmereti çarlığı isə nəinki heç kəsə tabe olmadı, hətta Gürcüstan torpaqlarını öz bayrağı altında yenidən birləşdirmək iddiasına düşdü.
II Aleksandrın oğlu III Baqrat 1510-cu ildə İmereti taxtına oturduqdan sonra bu iddia özünü daha açıq-aydın şəkildə göstərməyə başladı. Gənc çarın Meqrel və Ahıska knyazlıqlarını öz təsir dairəsinə keçirməyə nail olması nə Osmanlı, nə də Səfəvi hökmdarlarının diqqətindən yayınmırdı. Ona görə də başları bir-biri ilə məzhəb qovğasına qarışmış türkdilli imperiyaların hər ikisində İmeretinin gənc çarına “Başı açıq” – yəni “heç kəsə tabe olmayan”, “başı heç kəsə bağlı olmayan” ləqəbi verilmişdi. Beləliklə də adı rəsmi qaynaqlarda İmereti* kimi təsbit olunan bu vilayət XVI əsrin əvvəllərindən başlayaraq həm də öz çarının ləqəbinə uyğun olaraq “Başı açığın vilayəti” və ya sadəcə olaraq “Başıaçıq” adlandırılmağa başlandı.
 “Başıaçıq” sözünün bütün Gürcüstana deyil, yalnız İmereti çarlığına aid olduğunu birmənalı şəkildə sübut edən xeyli sayda Osmanlı və İran mənbələri var. Bunu akademik Z.Bünyadov, professor S.Əliyarov və professor X.Koroğlu kimi tanınmış alimlər də təsdiqləyiblər. Biz isə anlaşılmazlıqla bağlı tədqiqatçıların diqqətini tamamilə başqa bir mənbəyə – XVII əsrin ortalarına (1649) aid rusdilli bir mənbəyə yönəltmək istəyirik. Burada “Iran şahı tərəfindən öz torpağından qovulmuş Teymurazın öz yeznəsi – Başıaçıq çarı Aleksandrın yanında yaşadığı” bildirilir [15–09]. Deməli, XVII əsrin ortalarında da “Başıaçıq” yalnız İmeretinin adı imiş. Bundan başqa, J.Şardenin 1672-ci ilə aid xəritəsindəki “Başı açıq adlandırılan İmereti” (“Ymirette: al: Basha-achouk”) şəklində qeyd  də diqqətdən kənarda qalmamalıdır [21].
Böyük türk tədqiqatçısı Faruq Sumerin araşdırmalarından isə aydın olur ki, III Baqrat “Başıaçıq” ləqəbini hələ 1546-cı ildən əvvəl alıbmış. Belə ki, Həsən bəy Rumlunun məlumatlarına əsaslanan professor İmereti çarının həmin il Axalkalakidə düşərgə salmış Səfəvi hökmdarı Təhmasibə itaətə gəlib “xalat geyinərkən” artıq bu ləqəbi daşıdığını bildirir [20–351]. Deməli, “Başıaçıq” sözü III Baqratın taxta çıxması (1510) ilə Təhmasibə itaətə gəlməsi (1546) arasındakı zaman kəsiyində yaranıb...
Qorqudşünaslıqda “Tatyan qələsi”nın adının dəqiqləşdirilməsi, onun yerinin müəyyənləşdirilməsi ilə bağlı tədqiqatların yox dərəcəsində olması da təəssüf doğurur. Təkcə onu demək kifayətdir ki, arxasında böyük tarixi bilgilər dayanan bu söz birləşməsi bizim qorqudşünaslığımızda sanki diqqəti belə cəlb etməyib. Ona görə də nəinki son zamanlara qədər nəşr olunan ayrı-ayrı tədqiqat əsərlərində, hətta eposun 1300 illiyi ilə əlaqədar işıq üzü görən “Kitabi-Dədə Qorqud” Ensiklopediyası”nda da bununla bağlı ciddi tarixi və coğrafi yanlışlıqlara yol verilib. Ensiklopediyaya görə, “Başıaçıq Tatyan qalası Qərbi Gürcüstanın Kutaisi şəhərinin şimal-qərbində İnquri çayı ilə Vaşa çayları arasındakı Meqrel bölgəsinin yuxarılarında bir əyalət”dir [12–201].
Əvvəla, onu qeyd edək ki, “Başıaçıq Tatyan qələsi” əyalət deyil, adından da göründüyü kimi, Gürcüstanın məşhur orta əsr qalalarından biridir. Əgər qorqudşünaslıqda bu məsələ hələ ayrıca tədqiq edilməyibsə, bu o demək deyil ki, onu “əyalət”, “Kutaisi yaxınlığında qədim yer” hesab etmək olar. İkincisi, “Meqrel bölgəsi” “İnquri və Vaşa çayları arasında deyil, Inquri və Tsxenistsxali” çayları arasındadır [21–551]. Üçüncüsü, qalanın yerləşdiyi ərazi “Kutaisi şəhərinin şimal-qərbində – yuxarılarda” deyil, qərbində – Texuri çayınm Abaşa çayı ilə birləşdiyi yerdən azca yuxarıda Senaki (Sxakaya) yaxınlığındadır.
Şübhəsiz ki, “Tatyan qələsi”nın yerinin bir tarixi abidə və coğrafi məntəqə kimi müəyyənləşdirilməsində açar rolunu “Tatyan” sözünün özündə ehtiva etdiyi anlayış oynamalı idi. Əslində bu açar artıq mövcud da idi – böyük şərqşünas, akademik V.B.Bartoldun tərcüməsindəki yazılışda [13–54] və tərcümənin 1962-ci il nəşrinə professor A.N.Kononov tərəfindən yazılmış izahlarda [13–269]. Lakin nədənsə bunlar da tədqiqatçıların diqqətindən yayınıb. Hətta onlardan biri özünün son monoqrafiyasında “Tatyan” sözünü “Didiani” (?!) kimi işlədib [2–44].
Eposun sonuncu qatlarından biri hesab olunan adı çəkilən ifadədəki “Tatyan” sözünü “Gürcüstanı çox yaxşı tanıyan katib”in [19–76] məşhur Meqrel knyazlarının əvvəl hakimiyyət titulu sonra isə soyadı olan “Dadiani”dən “düzəltdiyi” gərək ki, heç bir şübhə doğurmasın (Müqayisə et: Dörd-Tört, Dadlı–Tatlı). Məsələ burasındadır ki, XIII əsrdən üzü bəri həmin soyadı daşıyan şəxslər təkcə batı oğuzlarının qonşuluğundakı Meqrelstanın (Sameqrelo), İmeretinin deyil, həm də bütün Gürcüstanın ictimai-siyasi və mədəni həyatmda mühüm rol oynamışlar. Onlar hələ ilk böyük Dadiani hesab olunan eristav I Georginin (1323) dövründən başlayaraq sahib olduqlan Senaki ətrafı ilə yanaşı, Tsxenistsxali və İnquri çayları arasındakı əraziləri əhatə edən bütün Meqrelstana də nəzarət edirdilər. Hələ bu harasıdır, knyaz Vamek Dadiani (1384 – 1396) XIV əsrin sonlarında Ciketini** də özünə tabe etmişdi [7–257]. Məşhur Osmanlı tarixçisi İbrahim Əfəndi Peçevinin yazdığına görə, Georgi Dadiani türklər Gürcüstanı işğal etdiyi 1583-cü ildə “ölkənin ən ağıllı və dərrakəli bəylərindən” olduğuna görə ayrıca paşalığa çevrilən Tiflis əyalətinə başçı təyin edilmiş, islamı qəbul etdiyinə görə isə adı Yusif Paşa olmuşdu [15–49].
Başqa bir Osmanlı tarixçisi Selaniki Mustafa Əfəndinin haqqında hörtmətlə bəhs etdiyi “Gürcüstan vilayətində hakimi-fərman Məlik Dadian” da məhz həmin nəslin nümayəndələrindən idi [17–57].
Digər bir Dadiani – Levon 1635-ci ildə İmereti və Kaxeti çarlarının birləşmiş qüvvələrini Bağdadi qalasında darmadağın (!) edib xeyli əsir götürmüşdü [7–239]. Dadianilərin Gürcüstanda zaman-zaman çox böyük gücə sahib olduqlarını bir sıra gürcü çarlarının (Rostom, Vaxtanq, II İrakli) bu nəslin qızları ilə evlənməsi də sübut edir. Dadiani gözəlləri ilə izdivac sadəcə olaraq çox hörmətli bir nəsillə qohum olmaq deyil, həm də “narahat qərb”də güclü arxa qazanmaq idi.
Başıaçıq (III Baqrat) dövrünün dadianiləri ilə bağlı, hər şeydən öncə, onu qeyd etməliyik ki, XVI əsrin əvvəllərində Meqrelstanın İmeretidən nominal asılılığı vardı. Bunu bütün ölkəni təzədən öz bayrağı altında birləşdirmək istəyən Başıaçığın 1533-cü illdə Meqrelstan hakimi Mamiya Dadianini Quriya hakimi Mamiya Qurieli ilə birlikdə ciklərin üzərinə göndərməsi də sübut edir. Lakin onlar Ciketini ala bilmədilər. Dadiani öldürüldü, Qurieli isə əsir düşdü [4331]. Bundan sonra dadianilər bir daha Başıaçığın əmrlərinə tabe olmadılar. Hətta 1545-ci ildə Ərzrum yaxınlığında Qanuni Sultan Süleymanın əsgərləri Başıaçığın və Kartli çaLuarsabın qoşunlanı məğlub edərkən də Meqrelstan hakimi onlara qoşulmadı. Ağır məğlubiyyətdən başını itirmiş III Baqrat onunla birlikdə türklərə qarşı çıxmayan Levon Dadianini tutub zindana saldı. Amma çox keçmədən knyaz Ahıska hakiminin köməyi ilə zindandan xilas olub Meqrelstandakı hakimiyyətini bərpa elədi [4333].



Gürcüstanın Kitabi-Dədə Qorqud toponimləri xəritəsi

Tarixi qaynaqlar dadianilərin 1553-cü ildən sonra demək olar ki, müstəqil olduğunu bildirir. 1555-ci ildə isə Osmanlı–Səfəvi sülh müqaviləsinə görə, İmereti çarlığı ilə yanaşı, Meqrelstan və Quriya knyazlıqları da türklərin tabeçiliyinə keçdi [4–334].
Dadianilərin “Kitabi-Dədə Qorqud”da adı keçən “Tatyan qələsi”nin qalıqları bu gün tarixi Meqrelstanın cənub sərhədləri yaxınlığında, Rioni çayının sağ qolu Texurinin Abaşa ilə birləşdiyi yerdən azca yuxarıda – Şxeti kəndinde yerləşir. Unagiri dağının ətəyindəki bu möhtəşəm qaladan Vamek Dadianidən üzü bəri bütün Meqrelstan hakimləri istifadə ediblər. Əslində, Şxeti bir növ dadianilərin paytaxtı idi. Çünki onların sarayları da burada yerləşirdi.
Çar VI Vaxtanqın oğlu Vaxuşti öz “Coğrafiya”sında XVIII əsrin əvvəllərində “Dadiani qalasının və sarayın hələ istifadə edildiyini” bildirir [6–224]. Amma ondan əsr yarım sonra bu yerlərə səyahət etmiş K.Borozdin tamamilə başqa mənzərənin şahidi olur: “Nakalakevidən Texuri çayı ilə 4 ya da 5 verst aşağı (...) knyaginya Menika Dadianinin malikanəsi yerləşir (...). Bu böyük həyətdən o yana təpənin ətəyində Şxeti kəndi və xarabalığını qalın sarmaşıq kolları basmış köhnə Dadiani qalasının böyük bürcü körünür” [5–134-135].
Deməli, eposda Qazan xan və oğlu Uruzu görüb təkura xəbər verən cəsusların mənsub olduğu “Başıaçıq Tatyan qələsi” 1533-cü ilədək İmereti çarı Başıaçığa (III Baqrata) tabe olan Meqrelstan hakimlərinin – dadianilərin Şxeti kəndindəki qalasıdır.
Buradan həm də belə nəticə də çıxarmaq olar ki, “Başıaçıq Tatyan qələsi” ifadəsi ancaq 1510 – 1533-cü illər üçün keçərli hesab edilə bilər. Yəni 1510-cu ilə qədər “Başıaçıq” adı (şəxs və ya vilayət) olmayıb, 1533-cü ildən sonra isə “Tatyan qalası” (Dadiani qalası) artıq III Baqrata (Başıaçığa) tabe deyildi. Bu, həm də o anlama gəlir ki, eposun əldə olan variantının üzünün köçürülməsi də məntiqi olaraq 1510-cu ildən sonra, 1533-cü ildən əvvəl baş verib. Əks halda əlyazmada  katib “Başaçıq Tatyan qələsi” yox, sadəcə olaraq “Tatyan qələsi” ifadəsini işlətməli idi. Çünki Dadianilər Meqreliyanın nəinki torpağını, daşını, qalalarını, hətta insanlarını da şəxsi mülkləri hesab edirdilər. Onlar öz təbələrini kefləri istədiyi vaxt satır, öldürür, var-yoxlarını əllərindən alırdılar. Bu məsələdə iş o dərəcədə mürəkkəb idi ki, 1803-cü ildə muxtar qurum kimi Rusiya imperiyası tərkibinə daxil olmuş Meqrelstan hakimi Nikolay Dadianini Qafqaz canişini yalnız 1867-ci ildə illik 50 min manat müavinat və müxtəlif “mükafat”lar müqabilində bu orta əsr düşüncəsindən güclə əl çəkdirə bildi [22] və muxtariyyat ləğv olundu...







QAYNAQLAR

1. A-dan Z-ye Tarix Ansiklopedisi. - İstanbul, 1984.
2. Babayev S. Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri. -Bakı, 1993.
4.Бартольд В.В. Книга моего Деде Коркута. Баку, 1999.
4. Бердзанишвили H. и дp. История Грузии (I cild). - Tбилиси, 1946.
5. Бороздин K.A. Мингрелия и Сванетия c 1854 – пo 1861 r. - CПб., 1885.
6. Baxyшти Б. География Грузии. - Tбилиси, 1904.
7. Грузии и Apмении (III cild). - CIIб., 1848.
8. Cəmşidov Ş. “Kitabi-Dədəm Qorqud . - Bakı, 1999.
9. “Kitabi-Dədə Qorqud” (H.Araslı nəşri). - Bakı, 1978.
10. “Kitabi-Dədə Qorqud” (F.Zeynalov, S.Əlizadə nəşri). - Bakı, 1988.
11. “Kitabi-Dədə Qorqud” (S.Əlizadə nəşri). - Bakı, 1999.
12. “Kitabi-Dədə Qorqud” Ensiklopediyası (II cild). - Bakı, 2000.
13. “Книга моего Деде-Коргуда” (akademik V.Bartold nəşri). - Bakı, 2000.
14. Kopoглы X. Огузский героический эпос. - Mocквa, 1976.
15. Peçevi İbrahim Əfəndi. Tarix. - Bakı, 1992.
16. Посольства Стольника Толочанова и Дъяка Ивлева в Имеретии 1650–1652. 1926.
17. Selaniki Mustafa Əfəndi. Tarixi-Selaniki. - Bakı, 1992.
18. Такайшвили Е. Археологические экскурсии (Ш buraxılış). - Тифлись, 1907.
19. XəlilovP. “Kitabi-Dedə Qorqud”. - İntibah abidəsi. - Bakı, 1993.
20. Faruq Sümer. Oğuzlar. - Bakı, 1992.
21. hhtp://abkhazeti.info/history
22. http://www.hrono.ru/dokum/gruz1866.
23. http://ru.wikipedia.org. “Башу Ачук” məqaləsi.

* İmereti (İmeri+eti) Gürcü dilinde “O xalqın yeri” anlamında işlənir. Əksi kimi “Ameri” bu xalq ifadesindən istifade olunur.
** Ciketi ciklər (tərslər, dönməzlər) ölkəsi. Cik tayfalarının məskun olduğu ərazi. Buraya daha çox abxaz-adıq tayfaları aiddir.




Фикрет Сулейманоглы

О МЕСТОРАСПОЛОЖЕНИИ “КРЕПОСТИ ТАТИАН”
И О ВЕРОЯТНОЙ ДАТЕ ВКЛЮЧЕНИЕ В ТЕКСТ ЭПОСА
ЭТОГО ТОПОНИМА

В тексте эпоса «Китаби-Деде Коркут» встречаются топонимы до сих пор недостаточно изученные. Одним из таких является «Башыачыг Татиан Галасы» (Крепость Татиан Башиачуга). Ошибочная трактовка данного топонима и его поверхностная изученность, привели к тому, что в двухтомной Энциклопедии «Деде Коркут» (2002) «Татиан Галасы» преподносится не как «крепость» (гала), а как область (эйялат), расположенная на северо-западе от Кутаиси.
Опираясь на исторические данные, автор статьи пришел к выводу, что упоминаемая в тексте «Китаби-Деде Коркут» «Башыачыг Татиан Галасы» некогда принадлежала Мегрельскому княжескому роду Дадиани. На основе проведенных исследований, связав исторические описания, автор определил и географическое месторасположение «Крепости ...» – село Шхети Сенакского района, у подножия горы Унагири.
Далее, автор развил предположение турецкого исследователя Фаруга Сумера о возможной дате включения этого топонима в текст эпоса (предположительно после 1510 г.) переписания текста эпоса «Деде Коркут», выдвинув гипотезу, что это могло произойти после восхождения на Имеретинский престол Баграта Ш (Башиачуга) 1510 г. до момента, когда Мегрельское княжество вышло из его подчинения (1533 г.), а потом попало под влияние Османской империи.
Таким образом автор статьи обозначил период возможного переписания текста эпоса с 1510 г. по 1533 г., в процессе которого возник топоним.




Fikret Suleymanoglu
ON THE LOCATION AREA OF «BASHYACHYG TATIAN GALASY» AN THE DATE OF INSERTION OF THIS TOPONYM IN THE EPOS
Some toponyms are observed in the text of the epos «Dede Gorgud» which are not studied enough up to now. One of these is «Bashyachyg Tatian Galasy» (Fortress of Bashyachyg Tatian). Erroneously interpretation of the mentioned toponym and its superficial studies caused to the fact that in the two-volumed encyclopaedia «Dede Gorgud» (2002) the «Tatian Galasy» is presented not as «fortress» (gala), but as region (Eyalat), situated in north-west from the town Kutaisi.
Basing on historical data the author of the article came to the conclusion that mentioned «Bashyachyg Tatian Galasy» in the text of «Dede Gorgud» in the old days belonged to Megrel princey family of Dadiani. On the basis of carried out investigation, connecting the historical description the author has determined the geographical location of «Fortress ...» – village of Shkheti, Senak district, at the foot of the mountain Unagiri.
Further, the author developed the supposition of Turkic researcher Farug Sumer on possible date (1510) (approximated after) of recopyng of the text of epos «Dede Gorgud» and suggested a hypothesis that this might be take place after accession to the Imereti throne Bagrat III (Bashyachyg) – 1510, up to that moment when the Megrel principality (1533) left his reining and then fell under the influence of the Ottoman empire.
So, the author of the article has determined the period of possible recopyng of the text of epos – from 1510 to 1533, in the process of which the above mentioned toponym appeared.